Uşaqlara oyuncaq alarkən bu nüanslara DİQQƏT EDİN
Uzun saçlı gəlinciklərin uşaqlar üçün ciddi təhlükə yarada biləcəyi ilə bağlı məlumatlar var. Bildirilir ki, uşaqların gəlinciklərin başından qopan saç tellərini udması onların ölümünə səbəb ola bilər. Xüsusilə də tellər kifayət qədər uzun və qabadırsa, bu uşaqda nəfəsalma problemlərinə və boğulmalara səbəb ola bilər.
Görəsən hansı oyuncaqlar uşaqlar üçün təhlükəlidir? Ümumiyyətlə, valideynlər övladları üçün oyuncaq alarkən hansı xüsusiyyətlərə diqqət etməlidir?

Pediatr Aytən Ziyadova məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, oyun bir uşağın həyatında ən vacib məşğuliyyəti və işidir: “Bu məşğuliyyətin ən mühüm vasitəsi isə oyuncaqlardır. Uşaqlar ətraf mühitə hər hansı obyekti oyuncaq kimi daxil etmək qabiliyyətinə malikdirlər. Ona görə də seçilmiş oyuncaq funksional lakin çox quruluşlu olmamalı, uşağın yaradıcılığını məhdudlaşdırmamalıdır. Oyuncaq seçərkən valideynlərin bir neçə nüansı nəzərə alması vacibdir. Belə ki, oyuncaq uşağın yaşına, maraqlarına, bacarıqlarına uyğun möhkəm və davamlı materialda olmalıdır. Sadə, detalsız, küncləri yuvarlaq, küt, uşağın əzələ gücünə mütənasib, onu qorxutmayan sevimli dizayna malik olmalıdır. Eyni zamanda bu vasitələr uşaqların bacarıqlarını artırmağa qadir olmalıdır. Bu səbəbdən düzgün oyuncaq seçimi sadədən mürəkkəbə doğru aparılmalıdır. Baxımı, təmiri və təmizlənməsi asan olmalıdır.

Oyuncaq alarkən cinsi ayrı-seçkiliyə yol verilməməlidir. Əgər oğlan qız oyuncağı ilə və ya qız oğlan oyuncağı ilə oynamaq istəyirsə, buna icazə verilməlidir. Oyun uşaqların özlərini ifadə etmələri və yaşadıqları dünyanı kəşf etmələri üçün çox vacibdir. Ancaq unutmayın ki, bəzi oyuncaqların qopan və ya udula bilən çox kiçik hissələri uşaqlar üçün həyati təhlükə yarada bilər. Unutmaq olmaz ki, 3 yaşdan kiçik uşaqlar oyuncaqların kiçik hissələrini udması riski xüsusilə yüksəkdir. Xüsusilə kiçik uşaqların lateks balonlarını udması nəticəsində boğularaq ölməsi hallarına daha çox rast gəlinir. Buna görə də balonları uşaqlar şişirtməməli, istifadə olunduqdan sonra boşaldılaraq atılmalıdır. Dəyirmi və ya oval obyektlər də yüksək boğulma riski yaradır. Eyni zamanda belə əşyalar sırasında elektriklə idarə olunan, batareyaları olan oyuncaqlar da var.

Əgər uşağa akkumulyatorla işləyən oyuncaq alınıbsa, batareya tutacağının keyfiyyətli olması vacibdir. Köhnə və yeni oyuncaqların sınıq hissələri, boya çipləri zədələr və mümkün təhlükələr üçün mütəmadi yoxlanılmalıdır. Uzun simli, kordonlu və lentli oyuncaqlar da kiçik uşaqlar üçün təhlükə yarada bilər. Güclü oyuncaqların çıxardığı səslərin uşağın qulaqlarına zərər verməyəcək səviyyədə olması təmin edilməlidir. Ümumiyyətlə, oyuncaq seçərkən ağac və pambıq sap kimi təbii materiallardan hazırlanmış oyuncaqlara üstünlük verilməlidir. Rəngli oyuncaqlar qurğuşunsuz boya ilə rənglənməlidir. Yumşaq oyuncaqlar isə yuyula bilən olmalıdır”.

