Azərbaycan və Qazaxıstan dostluğu sarsılmazdır.
Türk dünyasının birliyinin yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərin yeni istiqamətlər üzrə inkişafına xüsusi önəm verir. Azərbaycan hər zaman türk dünyasının birliyinə çağırışlar edərək bunu atdığı addımları ilə təsdiqləyir. Tarixi Zəfərimiz digər sahələrdə olduğu kimi, Azərbaycanın xarici siyasət uğurlarında, həmçinin türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter daşıyır.
Azərbaycan və Qazaxıstan beynəlxalq aləmdə etibarlı tərəfdaş, səmimi dost, mehriban qonşu kimi nümunəvi münasibətləri ilə örnək imici qazanıblar.
Azərbaycan və Qazaxıstan dövlətləri arasındakı münasibətlər çox dərin köklərə və güclü əsaslara dayanır. Hər iki qardaş ölkənin xalqlarının etnik, dini və mədəni dəyərləri bir-birinə oxşar olmaqla yanaşı, həmçinin də ortaq tarixə malikdir. Azərbaycanla Qazaxıstan həm müttəfiq, həm də strateji tərəfdaş olan ölkələrdir. Bunun nəticəsidir ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında illər ərzində heç bir problem yaşanmayıb, eyni zamanda Xəzərin hüquqi statusu ilə bağlı ölkələr qısa müddətdə öz aralarında razılığa gəlməyi bacarmışlar.
Azərbaycan və Qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfü deyil ki, hazırda Qazaxıstanda iki yüz minə yaxın azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də ölkəmizə dövlət səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, həmçinin Prezidentlərin mətbuata birgə bəyanatları strateji tərəfdaş, eyni zamanda, müttəfiq dövlətlər olan Azərbaycan və Qazaxıstanın əməkdaşlıq əlaqələrinin möhkəm təmələ əsaslandığını və bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstan Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk”.
Bu gün Azərbaycan-Qazaxıstan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Qazaxıstan Qarabağ münaqişəsində də hər zaman Azərbaycanın haqq işini, ədalətli mövqeyini dəstəkləyərək beynəlxalq münasibətlər sistemində də dost və qardaş ölkə olduğunu sübuta yetirmişdir.
Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərdən aydın görünür.
Son illər ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmişdir. Qazaxıstan prezidenti isə üç dəfə ölkəmizə səfər etmişdir. Bu gün də bu səfərlər davam etdirilir.
Mart ayının 12-də ölkə başçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər.
Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdılar və tarixi məkanlarda oldular. Şuşa səfəri çox xoş keçdi.
Qazaxıstan prezidenti Füzuli şəhərində olarkən vurğulanıb ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu gün isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi füzulililər üçün unudulmaz hədiyyə olmaqla yanaşı, ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının daha bir göstəricisidir.
Ümid edirik ki, Azərbaycan dövləti ilə Qazaxıstan dövləti arasındakı əməkdaşlıq bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.
Azərbaycan və Qazaxıstan dostluğu illər ötsə də davam edəcək və daha da genişlənəcək.
Xanım Bəhramova –
Bərdə şəhər E. Kərimov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

