Cəmiyyət 

Cizgi filmləri uşaqların psixologiyasına mənfi təsir göstərir? – PSİXOLOQDAN AÇIQLAMA/ÖZƏL

Uşaqlar körpə yaşlarından rəngli və parlaq şeylərə maraq göstərirlər. Ona görə də bu yaşlardan demək olar ki, cizgi filmləri onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilə bilir.

Bəs bəzi valideynlərin də uşaqlarını təşviq etdiyi cizgi filmlər həqiqətən onlara müsbət təsir edir və onlarda sağlam şüurun formalaşmasına təsir edir? Ümumiyyətlə, valideynlər övladlarına hansı cizgi filmlərini izlətməlidirlər?

Mövzu ilə bağlı psixoloq Gülər Məmmədova “İki sahil”ə açıqlamasında bildirdi ki, bir çox valideynlərin övladlarına hələ körpə yaşlarından telefonda cizgi filmləri izləməsinə icazə verməsi doğru deyil: “Uşağın 3 yaşa qədər idrak prosesinin hələ inkişaf etmədiyini nəzərə alsaq deyə bilərik ki, onlar ekranda gördüklərini rəngli qarışıq cizgilər kimi qəbul edirlər. Lakin bunu nəzərə almayan valideyn düşünür ki, uşaq bu rəngli filmə baxarkən nəsə mənimsəyir. Ona görə də uşağın diqqətinin ekrana yönəlməsindən fərəhlənir. Lakin təəssüflər olsun ki, qarışıq təsvirlərə baxan uşaq oradakı heç bir obrazı aid edə bilmir. Üstəlik bu uşağın zehnində qarışıqlıq yaradır.

Çünki hələ həyata tam bələd olmayan körpələr cizgi filmlərindən məlumatlı deyil. Yalnız məktəbəqədər dövrdən etibarən uşaqlar bu həyati bilikləri mənimsəyərək, böyüklərdən öyrənərək cizgi filmlərinə baxmağa həvəslənirlər. Bundan sonra çox rəngli və tərbiyəvi xarakter daşıyan, uşağın psixologiyasına birmənalı təsir edən filmlərdən zövq alırlar. Ancaq hər şeydən əvvəl gərək valideynlər özləri övladlarına cizgi filmlərini izləməyə icazə vermədən öncə onları senzuradan keçirsin və idrak proseslərinə uyğun olanları ona izləməyə icazə versin. Uşağın mənəvi və psixoloji aspektdən tərbiyəsi valideyndən asılı olduğundan onlar burada birmənalı cavabdehdir və məsuliyyət daşıyırlar. Çünki böyüməkdə olan uşağın psixologiyası bu filmlərlə formalaşır və inkişaf edir. Bütün bunları nəzərə alaraq, izlədikləri filmlərdə nə qədər aqressivliyin nümayiş olunması, hansısa psixoloji keyfiyyətlərin daha çox qabardılması uşağın psixoloji inkişafına təsir edir.

Cizgi filmlərini izləmək adı ilə uşağın mütəmadi televizor qarşısında əyləşməsinə icazə vermək də düzgün deyil. Hətta yemək yeyərək uşağa cizgi filmi izlətmək də doğru üsul deyil. Çünki bu işlərin hər biri ayrı-ayrı funksiyadır. Uşağın bir neçə funksiyanı birlikdə görməsi isə onun psixologiyasına mənfi təsir göstərir. Bunun üçün valideynlər sadəcə yetərincə maariflənmiş olmalı, cizgi filmlərinin nə kimi psixi inkişafa səbəb olduğunu özləri aid etməyi bacarmalıdırlar”.

Daha çox xəbərlər