Uşaqlarla bağlı sosial güzəştlər hansı ailələrə şamil edilir?
Ölkəmizdə uşaqlı ailələr üçün müavinət və eləcə də digər sosial güzəştlər beşdən çox uşağı olan qadınlara şamil olunur. Hazırda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Bu, o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda, proporsional olaraq çoxuşaqlı ailələrdə qadınlar daha tez pensiya çıxmaq hüququ əldə edirlər.
Çoxuşaqlı ailələrin daha yaxından dəstəklənməsi təqdirəlayiqdir. Azərbaycan təbii artıma malik olan ölkələrdən olsa da belə təşviqedici metodlarla bu tendensiyanın qorunub saxlanması çox vacibdir. Bununla yanaşı, çoxuşaqlı ailələrin sayına yenidən baxılması və dəyişdirilməsi məqsədə uyğundur. Belə ki, Sovet İttifaqı dağılandan sonra çoxuşaqlı ailələrin sayında kəskin azalmalar müşahidə edilməkdədir. Bu isə “çoxuşaqlı ailə” anlayışına yenidən baxılmasını zəruri edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sonuncu siyahıyaalmada 2 milyon 293 min ailə qeydiyyatdan keçib. 1 milyon 347 min ailədə isə 18 yaşadək uşaqlar var. Say baxımdan 2 uşaqlı ailələr (557 min ailə) üstünlük təşkil edir.
Altı və daha çox uşağı olan ailələrin sayı isə 16 min 169-dır. 9332 ailədə altı, 3 565 ailədə yeddi, 1748 ailədə səkkiz, 1524 ailədə isə doqquz və daha çox uşaq var. Göründüyü kimi, 6 və daha çox uşağı olan ailələrin sayı ölkə üzrə ümumi ailələrin sayı ilə müqayisədə xeyli azdır.
“Sosial müavinətlər haqqında” Qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqlarına müavinətin verilməsidir. Belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir. Hazırda aylıq müavinətin məbləği 120 manatdır.
Bu müavinət hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir. Qeyd edək ki, bu müavinət hərbi qulluqçuların ailə üzvlərinin sosial dəstəklənməsi baxımdan vacib olsa da, aparılan monitorinqlər göstərir ki, həmin ödənişlər barədə ictimai məlumatlandırma yüksək deyildir. Müraciət etmə qaydalarına gəldikdə isə bu müavinəti almaq üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya şəhidlərin ailə üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edilməlidir. Müavinət yalnız Azərbaycan vətəndaşlarına şamil edilmir. Eyni zamanda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də müraciət etmək hüququna malikdirlər.
Müraciət üçün tələb edilən sənədlərin sayı da çox deyildir. Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi, həmin vətəndaşımızın müddətli həqiqi hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı ilə müraciət etməsi mümkündür. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan məhkəməyə şikayət etmək hüququ var.
Bir mühüm məqam da ondan ibarətdir ki, əgər hərbçimiz bu müavinət barədə gec məlumat əldə edibsə o zaman ona müraciət edildiyi tarixdən əvvəlki üç il üçün də vəsait ödənilir. Yəni, bu müvinətin verilməsindən gec xəbər tutan və vəsaiti almaq hüququ olan vətəndaşlarımız əvvəlki 3 il üçün hesablanmış pulu da almaq hüququna malikdirlər.

