Piylənməyə nə səbəb olur? – AÇIQLAMA
Əksər insanlar üçün həftədə 1-2 kq arıqlamaq məqsədi təhlükəsiz hesab olunur. Karbohidratları azaltmaq, daha çox protein yemək, ağırlıq qaldırmaq və daha çox yatmaq, davamlı kilo verməyə kömək edə biləcək hərəkətlərdir. İnsan arıqlamağı düşünməmişdən öncə bunu dietoloqla mütləq məsləhətləşməlidir.
Mövzu ilə bağlı BiG.AZ-a dietoloq Rəna Həsənova açıqlama verib.
O bildirib ki, bu gün insanlar arıqlamaq üçün bir çox üsullardan istifadə edir.
“Müxtəlif dietalar, yağlı və zülallı yeməklərin azaldılması bir çox insanın üz tutduğu metoddur. Dieta ilə arıqlamağın bir sıra zərərləri var. Belə ki insanın ancaq seçmə yeməklər yeməsi bədəndə mineral və vitanim çatışmazlığına səbəb olur. Sonra isə insanlar dietadan bezib onu buraxır və əvvəlkindən daha çox formada sürətlə kökəlirlər. Xatırladım ki, bu dietalar hər kəsin bədən kütləsinə, qan qrupuna uyğun yazılmalıdır. Sağlam arıqlamaq düzgün həyat tərzi olmalıdır. Ən önəmlisi yuxu hormonlarına fikir verilməlidir, hərəkət olunmalıdır, hərəkətsizlik bir çox xəstəliyə gətirib çıxarır. Yuxu hormonları melatonin – epifizin ən əsas hormonu hesab olunur. Gecə və gündüzün sirkad ritmini təyin edir. Epifiz vəzisinin pineolasit hüceyrəsindən ifraz olunur. Elektromaqnit sıxlığı artdıqca onun ifraz olunması azalır. İnsan bu hormon sayəsində yuxuya gedir. İnsanda yorğunluğu artırır. Bu proses saat 23:00-dan 05:00-dək gedir. İfraz olunması işıqda azalır, qaranlıqda isə artır. Melatonin hormonunun yaşlanmağa gecikdirici təsiri də vardır.
Düzgün arıqlamaq istəyənlər həyacandan uzaq olmalıdırlar. Çox güclü arıqladıcı vasitələrdən qaçmalıdırlar.Arıqlamaq yavaş-yavaş səbrlə və bundan həzz alaraq olmalıdır. Sağlam arıqlamaq sübh tezdən oyanıb səhər yeməyini yeyib, yürüş etməkdə faydalıdır. Amma səhər yeməyi də düzgün seçilməlidir. Qidaların lifli, zülallı, karbohidratlı olmasına diqqət edilməlidir. Həmçinin qazlı içkilər və çöl yeməklərindən, stressdən uzaq qalmaq lazımdır. Arıq qalmaq insanlar buna mənəvi cəhətdən hazır olmalıdır. Birinci növbə ağızdan başlayır. belə ki ağızda olan hər tikə çoxlu çeynənilməlidir ki, rahat həzm olunsun. Ağız suyu az qarışıb tikə tam əzilmədiyi zaman qida çətin həzm olunur. Bu da piylənməyə səbəb olur. Piylənmə maddələr mübadiləsinin pozulması deməkdir, bu sağlamlıq demək deyil. Bağırsaqlarımızdan iri piy hüceyrələri qana keçir, sonra isə toxumalara toplaşır. Piylənmə gələcəkdə insanlarda ağır xəstəliklərə səbəb olur: şəkər xəstliyi, ürək xəstəliyi, yorğunluq, tənbəllik və s.
Mən insanlara tövsiyə edirəm ki, artıq çəkinin səbəbin araşdırmaq üçün həkimə müraciət etsinlər. Bədən parametrlərinə, qan qrupuna uyğun düzgün müayinə olunsunlar. Piylənmənin qarşısını almaq üçün mütləq sağlam həyat tərzimiz olmalıdır”.

