Region Xəbərləri 

Novruz bayramı bütöv Azərbaycanda təntənə ilə qeyd edilir

Prezident İlham Əliyev cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Çıxışı zamanı Prezident bildirib ki, dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Vurğulanıb ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. İşğal dövründə dəfələrlə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Bildirilib ki, biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Xatırlatmaq lazımdır ki, Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Vurğulanıb ki, bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.
Mədinə İbadova – Bərdə şəhər A. Süleymanov adına Şorəlli kənd tam orta məktəbin kimya müəllimi

Daha çox xəbərlər