Cəmiyyət 

Qazlı içkiləri tez-tez qəbul edən insanlarda davamlı aclıq, yorğunluq hiss olur – EKSPERTDƏN XƏBƏRDARLIQ

Qazlı, rəngli, şəkərli içkilər gündəlik istifadə olunan məhsullar kimi bu gün qida rasionumuzda yer alsa da, sağlamlıq üçün olduqca zərərlidir. Xüsusilə də 20 yaşa qədər olan orqanizm daim inkişaf prosesində olduğuna görə, onlarda daha çox zərərlərə məruz qalırlar. Çünki bu cür içkilərin tərkibində monopotassium qlütamat və monokalium qlütamat, natrium benzoat maddəsi var ki, bunlar birbaşa olaraq mərkəzi beyin sisteminin funksiyasını pozur, eyni zamanda da, gələcəkdə alzheimerə səbəb olur.

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova diqqətə çatdırdı.

Tərkibindəki kimyəvi qatqı maddələri orqanizm tərəfindən sovrulmadığına görə, qaraciyərdə və böyrəkdə çatışmazlığa gətirib çıxarır

Mütəxəssisin sözlərinə görə, qazlı içkiləri qəbul edən insanlarda davamlı aclıq, yorğunluq, həyat eşqinin aşağı düşməsi, hormonal balansın pozulması baş verir. Bu da gənc orqanizm üçün daha zərərlidir. Xüsusilə də tərkibindəki kimyəvi qatqı maddələri orqanizm tərəfindən sovrulmadığına görə, qaraciyərdə və böyrəkdə çatışmazlığa gətirib çıxarır. Yaxşı olar ki, bu kimi içkiləri istifadə edən insanlar sağlamlığına diqqətlə fikir versinlər. Çünki həmin içkilərin tərkibində olan həddindən artıq şəkər insan orqanizminə bir çox fəsadlar verir. Xüsusilə də insan gün ərzində qəbul edəcəyi karbohidrat miqdarını dəfələrlə artıq qəbul etdiyinə görə, orqanizm də daha çox karbohidrat qəbul edir, bunu eneriyə çevirə bilmədiyindən də piylənməyə səbəb olur. Eyni zamanda, qanda şəkər balansının pozulmasına gətirib çıxarır.

Bəzən insanlar bu kimi içkiləri ağır qidalar qəbul etdikdə onlarla birlikdə içirlər, belə olan halda…

Ekspert qeyd edib ki, bu kimi içkiləri qəbul edən insanlarda qanda şəkər qısa zamanda yüksəlir ondan sonra da tez zamanda aşağı düşür ki, bu da davamlı olaraq insanların özünü ac hiss etməsinə və həddindən artıq çox qida qəbul etməsinə səbəb olur. Bəzən insanlar bu kimi içkiləri ağır qidalar qəbul etdikdə onlarla birlikdə içirlər, belə olan halda qidalar faydalı olsa da həmin qazlı  və rəngli içkilərin qidanın həzm olunmasına və parçalanmasına mane olduğu üçün qidanın tərkibindəki faydalı elementlər orqanizmdə düzgün parçalanmır. Yaxşı olar ki, bu kimi içkilərdən ümumiyyətlə istifadə olunmasın. Əgər istifadə ediləcəksə də, bu, çox gec-gec və az miqdarda qəbul edilməlidir.

Daha çox xəbərlər