Cəmiyyət 

Ən yaxşısı içməməkdir

Bu gün qazlı və tərkibində rəng qatqısı olan içkilərin (Iimonad və şirələr) istehlakı xeyli artıb və demək olar ki, su əvəzinə içilməyə başlayıb. Əksəriyyət üçün onlar sərinləşdirici vasitə sayılsa da, bəziləri üçün isə qazlı içkilər fəsil fərqi olmadan əsas içki növü hesab olunur. Maraqlıdır, bəs içdiyimiz qazlı içkilər səhhətimiz üçün nə dərəcədə zərərlidir?  Mütəxəssislər sözügedən içkilərin istehlakı ilə bağlı əhaliyə hansı çağırışlar və tövsiyə edirlər?

Hər gün 2 stəkan qazlı şirin içki içən şəxsin…

Nizami Tibb Mərkəzinin diyetoloqu Ülviyyə Əbülhəsənova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, qazlı sular dünyada ən çox satılan məhsullardandır: “Sərinləşdirici effektini artırmaq üçün CO² (karbon 2 oksiddən) istifadə edilir. Bu içkilərin tərkibində sudan başqa şəkər (fruktoza,qlükoza və saxaroza) şəkər əvəzediciləri, turşuları (limon turşusu, alma turşusu, fosfor turşusu), meyvə şirələri, dadlandırıcılar, eləcə də rəngverici və saxlama müddətini uzatmaq üçün maddələr mövcuddur. Qazlı suları təqribən tərkibinə görə 3 qrupa ayıra bilərik. Birincisi, enerji dəyəri çox olan şəkərli içkilərdir. Buraya limonadlar, “Coca-Cola”, “Fanta”, enerji içkiləri və.s aiddir.  İzotonik sular əsasən geniş duz tərkibi olan sularda, çox  vaxt mədə bağırsaq xəstəliklərində, xəstə çoxlu su və mineral itkisiylə üzləşdikdə istifadə olunur. Buraya esentuki,borjomi,sirab və.s kimi içkilər aiddir. Üçüncü qrupa aid olan isə az kalorisi olan, tərkibində şəkər əvəzdeciləri olan şirin sular və sadə CO²-li sular  yəni bonaqua, aquavita tipli içkilərdir”.

Mütəxəssisin sözlərinə görə, hər gün 250 ml stəkanla 2 stəkan qazlı şirin içki içən şəxslərin 2-ci tip şəkərli diabetə yoluxma ehtimalı, belə suları istifadə etməyənlərdən 26 faiz daha çoxdur: “Belə suların istifadəsini su, çay və ya qəhvə əvəzləmək bu riski 2-10 % azaldır. Bundan başqa şirin içkilərdən istifadə ürək damar problemlərini 20 % artırır.  Qazlı içkilərin uzun müddət istifadəsi sümüklərdə və dişlərdə xəstəliklərə yol açır. Qazlı içkilərin fikrimcə, ən təhlükəlisi şəkər əvəzedicilərlə olanlardır. Şəkər əvəzedicilərin orqanizmdə parçalanma məhsulları müxtəlif fəsadlara gətirib çıxarır. Bəzi tədqiqatlar piylənmə, limfoma, leykemiya, sidik kisəsi və beyin xərçəngi, xroniki yorğunluq sindromu, Parkinson, Alzheimer kimi xəstəliklərin səbəbini şəkər əvəzedicilərin çox istifadəsi ilə əlaqəli olduğunu göstərmişdir”.

Uşaqların bu içkilərdən uzaq tutun!

Həmsöhbətimiz diqqətə çatdırdı ki,  uşaqların  qazlı içkilərin istifadəsinə gəldikdə isə onlar bu içkiləri nə qədər gec tanısalar, bir o qədər yaxşıdır. Bu isə valideynlərin nə qədər maariflənməsindən və özlərinin nə dərəcədə sağlam həyat tərzi keçirmələrindən  asılıdır. Qazlı içkilər sümük sistemi və dişlərdə problem yaratdığına görə uşaqların bu içkilərdən uzaq durması lazımdır.

Mineral qazlı içkilərin insan orqanizminə heç bir zərəri yoxdur

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov “İki sahil”ə açıqlamasında bildirdi ki, meyvə dadlandırıcıları və şəkər əlavə olunmuş qazlı içkilər insan sağlamlığı üçün zərərlidir: “Mineral qazlı içkilərin insan orqanizminə heç bir zərəri yoxdur. 2021-ci ildə Latın Amerikası ölkələrində aparılmış tədqiqatlar zamanı şirəli içkilərin isə mineral qazlı sulardan fərqli olaraq xüsusilə uşaqlarda dişlərin çürüməsi, artıq bədən çəkisi, ürək xəstəliklərinə səbəb olduğu müşahidə olunmuşdur. Böyüklərdə isə xüsusilə ağızdan pis qoxunun gəlməsi, artrit, padaqra xəstəliyinin riskini artırdığı sübut edilmişdir”.

Qastroenteroloqun sözlərinə görə, qazlı içkilərə əlavə olunan qarışıqlar əsasən meyvə dadlandırıcı maddələrdən, xüsusilə emulqatorlardan, bol miqdarda şəkərdən ibarətdir. Bunlar isə insan orqanizminə ciddi zərərli toksiki təsir göstərən maddələrdir. Qazlı və şirin içkilərin saxlanma şəraiti onun istehsal prosesindən, tərkibində olan maddələrdən asılı olaraq dəyişir.  Bəziləri adi otaq temperaturunda, digərlərinin isə soyuducuda saxlanması tövsiyə olunur. Bu isə içkinin növündən asılı olaraq dəyişir. Bəzən satışda şəkərsiz, qazlı, sodalı içkilərə rast gəlirik. Mədəsində yüksək turşuluq reflüksü, mədə yanması şikayəti olan insanlar bu sodalı, qazlı sulardan istifadə edirlər. Bu, onların mədəsinə rahatlıq gətirir və müəyyən əlamətləri aradan qaldırır.

Mütəxəssis tövsiyə edir ki, qazlı və sodalı içkilər yemək zamanı, yeməkdən dərhal sonra istifadə edilməsin. Çünki bu içkilərin tərkibi qələvi tərkibinə çox yaxın olduğu üçün mədənin həzm prosesini pozur, uzun müddət istifadədən sonra mədə və bağırsağa zərərli təsir göstərməyə başlayır. İnsanın normal fizioloji həzm prosesinə zərər yetirdiyindən tövsiyə edirik ki, yemək vaxtı bu içkilər qazı çıxardaraq mədənizə nə qədər rahatlıq gətirsə də, müəyyən əlavə yan təsirləri sonradan mütləq ki, müşahidə olunacaq. Əgər mədənizdə narahatlıq hiss edirsinizsə, mütləq onun səbəbini araşdırmaq lazımdır ki, bu yüksək yoxsa aşağı turşuluqdur. Bundan sonra  bu cür içkilərdən istifadə edib-etməmək haqqında danışmaq olar.

Ən yaxşısı içməməkdir

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı qəzetimizə özəl açıqlamasında diqqətə çatdırdı ki, qazlı, rəngli, şəkərli içkilər gündəlik istifadə olunan  məhsullar kimi bu gün qida rasionumuzda yer alsa da, sağlamlıq üçün olduqca zərərlidir. Xüsusilə də 20 yaşa qədər olan  orqanizm daim inkişaf prosesində olduğuna görə, onlarda daha çox zərərlərə məruz qalırlar. Çünki bu cür içkilərin tərkibində monopotassium qlütamat və monokalium qlütamat, natrium benzoat maddəsi var ki, bunlar birbaşa olaraq mərkəzi beyin sisteminin funksiyasını pozur, eyni zamanda, gələcəkdə Alzheimerə səbəb olur. Yaxşı olar ki, bu kimi içkilərdən ümumiyyətlə, istifadə olunmasın. İstifadə edilsə də,  gec-gec və fasilərlə  və yaxud da  az miqdarda qəbul olunsun.

Daha çox xəbərlər