Cəmiyyət 

Belə ətlər immun sisteminin zəifləməsinə səbəb olur – DİQQƏT EDİN!

Azərbaycanda əsasən qoyun, mal kimi qırmızı ət məhsulları istehlak edildiyi üçün ölkəyə at ətinin idxal edildiyi barədə məlumatların yayılması hər dəfə insanlar arasında narahatlığa səbəb olur.

Görəsən bunun səbəbi nədir? Ümumiyyətlə, at ətinin digər qırmızı ət məhsullarından fərqi nədir və hansı xeyirləri var?

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, at əti yaşadığımız regionda yeyilə bilən ət növlərindən hesab olunmur. Buna görə də, at əti keyfiyyətli və sağlam olsa belə orqanizmdə həzm pozğunluğu yarada bilər. Lakin müəyyən müddət qəbul etdikdən sonra insan orqanizmi müəyyən qidaya öyrəşə bilir və onu rahat həzm edir. At əti də digər heyvan ətləri kimi zülal və protein tərkiblidir. Qida dəyəri baxımından da digər ətlərlə oxşar xüsusiyyətlərə malikdir. Lakin at ətinin tərkibindəki bioloji aktiv maddələr və digər vitamin və minerallar fərqli ola bilər. Ancaq belə məhsullar ölkəyə gətirilərək mal əti adı altında satılarsa, burada artıq birbaşa istehlakçı hüquqları pozulur. On görə də digər ölkələrdən gətirilən at ətinin hansı məqsədlərlə istifadə olunduğu açıq şəkildə göstərilməlidir. Təbii ki, bu ətdən vəhşi heyvanların qidalanmasında, hansısa restoran və şəbəkələrində, ət və ət məhsullarının istehsalında istifadə oluna bilər. Ancaq hər bir halda bu barədə açıq şəkildə məlumat verilməlidir. Çünki mal əti olaraq bunu alıb yeyən xroniki xəstəliyi, mədə-bağırsaq və həzm sistemində problemi olan şəxslərdə bu başqa problemlərə yol aça bilər.

Ekspert hesab edir ki, satışa çıxarılan məhsullar ölmüş və ya xəstəliyi olan heyvan ətindəndirsə, bu insan sağlamlığında ciddi problemlərə səbəb ola bilər. Ona görə də, ilk növbədə bu heyvanlar düzgün baytar nəzarətindən keçirilməlidir. Belə olmadıqda xəstə heyvanlardan insanlara brusellyoz, salmonella kimi xəstəliklər keçə bilər. Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda bilərək xəstə və ya ölmüş heyvan ətlərindən insanların zəhərlənmələrinin qarşısını almaq üçün müxtəlif kimyəvi qatqı maddələrindən istifadə edirlər. Bu isə insan orqanizmində həm faydalı, həm də zəhərlənməyə səbəb olacaq bakteriyaların aktivliyini dayandırır. Bu da immun sisteminin zəifləməsinə səbəb olur.

Daha çox xəbərlər