Müğənni həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirən şəxsə hökm oxunub
Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilən Anar Həşimov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr aylarında arvad Yaqut Həşimovanın istifadəsində olan mobil telefona baxaraq cihazın “WhatsApp” proqramında başqa şəxslərlə münasibətdə olması barədə qarşılıqlı mesajlar görüb.
Daha sonra təqsirləndirilən şəxs bu barədə Yaquta iradını bildirib. Yaqut Həşimova isə iradlarını qəbul etməyərək onun işlərinə qarışmamasını tələb edib.
Bundan sonra aralarında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs Anar Həşimov, qısqanclıq zəminində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovanı əzab, işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə baş nahiyəsindən iki dəfə vurub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.