Cəmiyyət 

Sosial sabitlikdən sosial rifaha

Bizim düşünülmüş siyasətimiz, iqtisadi potensialımız, güclü sosial siyasətimiz vardır. Bütün siyasətimizin başında Azərbaycan vətəndaşı dayanır.

Prezident İlham Əliyev

Nazirlər Kabineti ezamiyyə xərclərinin dəyişdirilməsi barədə qərar qəbul edib. Artıq yeni, artırılmış normalar qüvvəyə minib. Normaların artırılması ilə bağlı təkliflər mütəmadi olaraq müzakirələrdə təqdim olunurdu.

Qərara əsasən, ezamiyyə norması Bakı şəhərində 125 manat (əvvəl 90 manat), Gəncə, Sumqayıt şəhərlərində 95 manat (əvvəl 70 manat), respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manat (əvvəl 65 manat), Naxçıvan şəhərində isə 100 manat (əvvəl 70 manat) müəyyənləşib.

Xarici səfərlər zamanı dollar ifadəsində ən yüksək Nyu-York şəhərində (450 dollar), avro ekvivalentində isə İsveçrənin Bern, Cenevrə və Sürix şəhərlərində (330 avro) ödəniləcək. 5 ildən çox müddət idi ki, Azərbaycanda ezamiyyə xərc normaları dəyişdirilmirdi. Bu müddətdə həm ölkə daxilində, həm də xaricdə, xüsusən də 2022 və 2023-cü illərdə yüksək inflyasiya qeydə alınmışdı. Bu baxımdan belə bir qərarın qəbuluna ehtiyac var idi.

Azərbaycanda yeni tətbiq edilən, amma nisbətən daha az müraciətin qeydə alındığı birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriya şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. Belə ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman birdəfəlik müavinət verilməsi həyata keçirilir. Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərdədir. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar. Müavinətin məbləği ölkə üzrə orta aylıq əməkhaqqının 5 misli qədərdir. Hazırda orta aylıq əmək haqqı 942.4 manat olduğu üçün həmin şəxs müraciət edən zaman 4712 manat müavinət ödəniləcək. Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilərlər. Bu zaman aşağıdakı sənədlər tələb olunur: “Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti, əmək kitabçasının surəti, valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı”.

Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər. Bir sıra müavinətlərlə bağlı məlumatlığın nisbətən az olduğunu nəzərə alsaq belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur.

Daha çox xəbərlər