Saxta kürünü necə ayırd edək?
Tərkibinin zəngin olmasına görə balıq kürüsü təbii qidalar arasında xüsusilə seçilir. Sağlamlığımız üçün vacib qidalı maddələr, həmçinin zülallar, yağlar, vitaminlər, fermentlər, minerallar və digər bioloji aktiv maddələr kompleksinin cəmləşdiyi bu qida demək olar ki, hər kəs üçün çox faydalıdır. Lakin bu gün market və bazarlarda çoxsaylı kürülər satıldığından insanlar təbii, keyfiyyətli və xeyirli məhsulu ayırd etməkdə çətinlik çəkir.
Görəsən saxta və təbii kürünü bir-birindən necə aid etmək olar?
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, təbii kürü tərkibi mineral maddələrlə, A, D, E, K kimi yağda həll olan vitaminlərlə zəngindir: “Xüsusilə kürünün tərkibində B qrup vitaminlərinin hamısı olduğuna görə insan orqanizmində əvəzsiz rol oynayır və faydaları çoxdur. Tərkibinin zəngin olması bütün yaş qruplarının sağlamlığı üçün çox faydalı hesab edilir. Xüsusilə uşaq və yeniyetmə yaşlarında olanların inkişafının düzgün getməsində, daxili orqanların funksiyasının normal olmasında böyük rolu var. Tərkibində Omega-3, Omega-6, Omega-9 yağ turşularının və A vitaminin çox olması isə mərkəzi beyin sisteminin funksiyasının yaxşılaşdırılmasında və göz sağlamlığında kürünü ən əhəmiyyətli qidalar sırasına daxil edir. Ürək-damar xəstəlikləri zamanı kürüdən istifadə olunması tez bir zamanda xəstəliyin müalicəsində müsbət rol oynayır. Dəmir və B12 ilə zəngin olması isə qan azlığında faydalı hesab olunur. Xüsusilə tərkibindəki fol turşusu hamilə və süd verən qadınlara çox müsbət təsir edir. Enerji dəyəri isə demək olar ki, balığın növünə görə dəyişir. Kürünün faydaları saymaqla bitmir. Ancaq bu gün satışda keyfiyyətsiz və saxta kürülər də mövcuddur. Ona görə də kürünü mütləq şəkildə mənşəyi bəlli olan yerdən almaq lazımdır. Belə məhsullar istehsal olunarkən bir çox hallarda tərkibinə kimyəvi maddələr əlavə edilir. Bu maddələr arasında aromatizatorlar, dadlandırıcılar, bir çox hallarda yumurta zülalı, jelatin, bəzən dəniz yosunları da olur. Tərkibi belə olan məhsul isə insan orqanizmində allergik reaksiyalara, zəhərlənmələrə səbəb olur. Təbii və saxta kürünü bir-birindən ayırd etmək üçün istifadə edilən əsas metodlardan biri qaynar suda qarışdırılmasıdır. Belə ki, bu zaman saxta kürünün rəngi suya çıxır, xüsusilə də ağızda həll olmur və uzun müddət jelatin şəklində qalır. Daha sonra ağızda xoşagəlməz acı balığa bənzər dad hiss edilir və kəskin qoxusu duyulur. Bu da məhsul hazırlanarkən tərkibinə aromatizatorlar əlavə olunduğunu göstərir. Amma təbii balıq kürüsü ağızda əriyir, eyni rəngli, daha hamar, parlaq, elastik görünüşlü olur. Dadı xoşagələn, qoxusu isə təzə balıqda olduğu kimi zəif olur. Həmçinin, rəngi eyni olmur. Bu da ən önəmli məsələlərdən biridir. Təbii kürülər balıq növünə görə dəyişir. Rəngi bir çox hallarda qara, tünd boz, qaraya çalan boz, qəhvəyi, narıncı, qırmızı, sarımtıl, kərpici qırmızı olur”.

