Cəmiyyət 

Stresdən necə qurtulaq?

Bu gün insanlar çox xırda məsələlərə belə tez əsəbləşir və stress yaşayırlar. Eyni zamanda daim nədənsə qayğılanır və tələsirlər. Bu isə təbii olaraq insanın həm fiziki, həm də psixoloji sağlamlığına böyük təsir göstərir.

Görəsən insanların əsəb sisteminin zəifləməsi nədən qaynaqlanır? Ümumiyyətlə, özümüzü stresdən necə qoruya bilərik?

Psixoloq Gülər Məmmədova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bugünkü insanlar çox məşğuldurlar. Vizual olaraq gözlərini və zehinlərini çox məşğul etmək insanların tələbatına çevrilib. Gözlərin məşğul olması, mütəmadi sosial şəbəkələrdə zaman keçirmələri, müxtəlif informasiyalarla qidalanmasıdır. Zehinlərini məşğul etmələri isə tələbatlarıdır. Hazırda insanların məqsəd və maraq meyilləri bir-birinə qarışıb. Çünki insanlar çox şeyə maraq göstərir və həvəslənirlər. Lakin müxtəlif işləri həyata keçirmək üçün bir gün onlara kifayət etmir. Bu da gün ərzində insanlara həyəcan və stress yaşadır. İnsanların bu gün özlərini çox məşğul etmələri, çox yüklənmələri və istirahəti düzgün qurmamaları onları mütəmadi stress vəziyyətinə salır. Telefonda müxtəlif emosiya yüklü məlumatlar və videolarla üzləşmək, buna verilən reaksiyalar insanlarda özlərindən biixtiyar stress vəziyyəti yaradır. Ona görə yaxşı olardı ki, insanlar stress vəziyyətinə düşməmək üçün psixologiyalarına mənfi təsir göstərən və onu yükləyən, yoran işlərdən uzaq olsunlar. Eyni zamanda, öz həyat düzənlərini doğru şəkildə qursunlar. Bütün bunları hər kəs özü aydınlaşdırmalı və mənimsəməlidir. Elə insanlar var ki, yaşından asılı olmayaraq bütün bunlardan xəbərsizdir və həyatını yüklü, qayğılı, daim nəyinsə arxasınca qaçan rutində davam etdirir. Lakin onlar belə etməklə xoşbəxtliyi tapa bilmirlər. Ona görə də stress vəziyyətində və əsəbi olurlar, kiçik bir situasiyaya belə kəskin reaksiyalar verirlər.

Amma kimlər ki, stressdən çıxmağı istəyirlər həmin şəxslər öz təfəkkür potensialına uyğun olaraq çıxış yolları tapırlar. Bunun üçün insanlar əvvəlcə mütəmadi stress yaradan faktorlardan uzaq olmalıdır. Stresdən qurtulmaq üçün musiqi terapiyası, masaj, maraqlı ünsiyyət, kitab oxumaq, maraqlı filmlərə baxmaq və s. kimi müxtəlif sakitləşmə texnikalarından istifadə edilə bilər.

Daha çox xəbərlər