Cəmiyyət 

Şirvanda narkomaniyaya qarşı mübarizə tədbirləri gücləndirilir

Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir.Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.

Azərbaycanda bu problem ilk dəfə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanında öz əksini tapmaqla, narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.

Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər genişmiqyaslı məsələlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində şəhərin hüquq-mühafizə orqanları, Şirvan şəhəri üzrə Təhsil sektoru, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi,  “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs, şəhərin digər aidiyyəti idarə, müəssisə və təşkilatları tərəfindən müəyyən işlər görülmüşdür.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının vəziyyəti  hər il Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarında müzakirə olunur, şəhər Komissiyasının, şəhər Polis şöbəsinin və digər aidiyyəti orqan rəhbərlərinin mübarizə-profilaktika tədbirləri barədə hesabatlarının dinlənilməsi təmin edilir. Şura iclasının qərarından irəli gələn zəruri məsələlərin icrası ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilir.

Şirvan Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, bu sahədə müşahidə olunan ümumi tendensiyalar, narahatlıq doğuran məqamlar, dövlət orqanlarının gündəlik fəaliyyətində meydana çıxan problemlərin xarakteri (təşkilati, nəzəri, praktik və s.), onların aradan qaldırılması və müvafiq orqanın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə görülən və təklif olunan tədbirlər, xarici dövlətlərdə tətbiq olunan qabaqcıl üsullar, və narkomanlığa qarşı mübarizə ilə əlaqədar digər məsələlər üzrə müzakirələr aparılmışdır. Narkomanlığın yaşadığımız cəmiyyətə ziyanı bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, narkomanların müalicə və bərpasının təşkili,sağlam mühitə qaytarılması və digər aktual problemlərlə bağlı konfranslar, müşavirələr keçirilmiş, kollec, lisey və orta ixtisas təhsil müəssisələrində mühazirələr oxunmuş, bu məsələlərə kütləvi informasiya vasitələrində geniş yer verilmişdir.

Bilavasitə narkomaniyaya qarşı mübarizənin  müxtəlif sahələrində əməkdaşların birlik və səriştəsini artırmaq, qabaqcıl beynəlxaq təcrübəyə yiyələnmək üçün idarə və təşkilatların nümayəndələri, polis, prokurorluq, gömrük və daxili qoşunların şəxsi heyəti ilə seminar məşğələləri keçirilmişdir.

Narkotik xassəli bitkilərin qanunsuz əkini və yabanı bitmiş sahələrinin aşkar və məhv edilməsi istiqamətində mütəmadi qabaqlayıcı tədbirlərin keçirilməsi nəzarətdə saxlanılır. Şəhərin hüquq mühafizə orqanları “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində bir sıra uğurlu nəticələr əldə etmişlər.

Dövlət Proqramının icrası məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətində “Etimad” telefon əlaqə mərkəzi yaradılmış, vətəndaşları hərtərəfli məlumatlandırmaq məqsədi ilə idarə,müəssisə, təşkilatlarda, qəsəbə icra nümayəndəliklərində, o cümlədən yaşayış massivlərində geniş təbliğat və izahat işləri aparılmışdır.

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi, Şirvan şəhəri üzrəTəhsil sektoru yeniyetmə və gənclərə narkomanlığın törətdiyi ağır fəsadlar barədə təhsil müəssisələrində elmi-praktiki konfranslar təşkil etmiş, tədris proqramına narkotik vasitələrin ziyanı barədə biliklərin aşılanması istiqamətində yeni mövzular daxil edərək bəzi metodiki tövsiyələr hazırlayaraq, tədris müəssisələrinə paylamışdır. Bununla yanaşı şəhərin ümumtəhsil orta məktəblərində “Zərərli vərdişlərə yox deyək” devizi altında mədəni aksiyalar, rəsm, inşa yazı müsabiqələri təşkil edərək müsabiqənin fəallarına Fəxri diplomlar verilmişdir.

Son illər ərzində ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərə xüsusi diqqəti nəticəsində şəhərimizdə müasir standartlara cavab verən idman kompleksləri inşa edilərək onların istifadəsinə vermişdir. Yaradılmış şərait gənclərin asudə vaxtlarının səmərəli keçirilməsində və sağlam mühitdə formalaşmasında önəmli rol oynayır.

Şəhərin ümumtəhsil məktəblərində “Narkomaniya əsrin bəlasıdır”, “Narkotiksiz gələcək”, “Sabahkı gələcəyimizi narkotik vasitələrdən qoruyaq”, “Hamılıqla narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktiki konfranslar, dəyirmi masalar və disputlar keçirilmişdir.

Şirvan Şəhər Gənclər və İdman İdarəsi Təhsil sektoru ilə birlikdə məktəblilər arasında “Narkomaniyaya yox deyək!” devizi altında rəsm müsabiqəsi, ”Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

Tədbirlər Planına uyğun olaraq “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar 23.06.2023-cü il tarixdə İcra Hakimiyyəti yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın, “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin, Şirvan Peşə Liseyinin birgə təşkilatçılığı ilə, QHT-lərin nümayəndələrinin iştirakı ilə Şirvan Peşə Liseyində “Narkomaniya gəncliyin bəlasıdır” mövzusunda maarifləndirici seminar, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhər Gənclər Evində “Gələcəyimizi bir yerdə qoruyaq, narkomaniyaya yox deyək!” maarifləndirici görüş keçirilmişdir. Tədbirlərdə narkomaniyanın cəmiyyətə mənfi təsiri, törətdiyi fəsadlar, zərərli vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən,  dünyanın ən böyük bəlası olan narkomanlığa qarşı aparılan mübarizə barədə tədbir iştirakçılarına geniş məlumat verilmiş, iştirakçılara mövzuya aid maarifləndirici materiallar paylanılmış, narkomaniyanın fəsadlarını əks etdirən “Bir dəfədən heç nə olmaz” adlı qısametrajlı film nümayiş olunmuşdur.

Təbliğat və maarifləndirici tədbirlər zamanı narkomaniyanın fəsadlarını əks etdirən 450-yə yaxın bukletlər tədbir iştirakçılarına paylanılmış, narkomaniyanın insanlara verdiyi zərərin daha aydın görmək üçün iştirakçılara qısametrajlı filmlər və videoroliklər nümayiş olunmuşdur. Keçirilən tədbirlər haqqında məlumatlar Şirvan Şəhər İcra Hakimiyyətinin internet səhifəsində, “Facebook” səhifəsində, Şirvan şəhərinin  “İşıq” qəzetində dərc edilmişdir.

Gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün görülən tədbirlərdən biri də Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət Parkının xüsusi layihə əsasında, yüksək keyfiyyətlə və zövqlə əsaslı şəkildə yenidən qurulması xüsusi yer tutur. Müasir tələblərə uyğunlaşdırılan yeni istirahət parkı şəhərimizin simasını gözəlləşdirməklə bahəm, şəhər sakinlərinin və qonaqların mədəni istirahətinə, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Şirvan şəhərində 5 həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. ”Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş həyətlər ümumilikdə 3500 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir. Abadlaşdırılan  bu həyətlərdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb.

Bundan əlavə “Abad məhəllə” layihəsi çərçivəsində binaların həytlərində ümumilikdə 43 məhəllə abadlaşdırılmış, sakinlərin, xüsusilə uşaqların və gənclərin asudə vaxtlarının səmərəli təşkili, istirahət və fiziki sağlamlıqları üçün şərait yaradılmış, yaşıllıqlar salınmış, söhbətgahlar, uşaq və gənclər üçün oyun meydançaları, futbol meydançaları, müxtəlif idman qurğuları quraşdırılmışdır.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında qarşılıqlı, işgüzar əlaqələr və məlumat mübadiləsi keyfiyyət baxımından gücləndirilmiş, narkomanlığın profilaktikası və qarşısının alınmasında qeyri-hökumət qurumlarının yeri və rolu xeyli möhkəmləndirilmiş, fəaliyyətlərinin genişləndirilməsi istiqamətində irəliləyiş əldə olunmuşdur.

Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya tərəfindən şəhərin hüquq-mühafizə orqanları, gənclər və idman, təhsil müəssisərlərinin və ictimaiyyətin gücündən səmərəli istifadə etməklə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsi ilə əlaqədar tədbirlər davam etdirilir.

Orxan İbrahimov,
Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini,
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın sədri

Daha çox xəbərlər