Qətiyyətli və Qurucu Lider
Son 20 ildən artıq dövrün in tarixi göz qabağındadır. Biz hamımız bu dövrdə baş vermiş misilsiz inkişafın canlı şahidləriyik. Azərbaycanın haradan haraya gəlib çıxdığını öz gözlərimizlə görmüşük. Bu dövr ölkə iqtisadiyyatının dinamik inkişafı, insanların rifah halının durmadan yaxşılaşması, bütün sahələrdə köklü islahatlarla yadda qalıb.
İlham Əliyevin Azərbaycana Prezidentlik etdiyi 20 ildən artıq dövr ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Prezident İlham Əliyev ötən 20 ildə verdiyi hər bir vədi yüksək səviyyədə yerinə yetirib. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Beləliklə, Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Şanlı Vətən müharibəsi Prezident İlham Əliyevin daha bir liderlik keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin müdrik qərarlarının məntiqi nəticəsi olmaqla, öz lideri ətrafında “dəmir yumruq” kimi birləşmiş xalqımızın gücünü və qələbə əzmini nümayiş etdirdi.
Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır.
Müzəffər Lider, mahir siyasətçi, ən ümdəsi vətənpərvər şəxs olan İlham Əliyevin böyük əzm və qətiyyətinin nəticəsində son 20 il ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi, diplomatik, ümumiyyətlə, bütün sahələr üzrə möhtəşəm qələbələr, dövlətçilik tariximizdə bənzərinə rastlanmayan zəfərlər qazanıb.
İşğaldan azad olunmuş ərazilərdə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Azad olunmuş ərazilərə qısa müddətdə 1360 ailə, yaxud 5 min 354 nəfər köçürülüb. Onlara prezident seçkilərində ilk dəfə olaraq doğma yurdda səs vermək xoşbəxtliyi nəsib olub.
Düşmənin darmadağın etdiyi şəhər və kəndlərin bərpası sürətlə davam etdirilir, Böyük Qayıdış yolunda böyük addımlar atılır. Azad olunmuş şəhər və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır.

Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu, həm də ölkəmizin ildən-ilə artan iqtisadi gücünün göstəricisidir. Azərbaycan xalqı Şuşa, Xankəndi zəfərlərini yaşayıb, torpaq nisgilindən qurtulub, şəhidlərimizin qisasının alınmasından mənəvi rahatlıq tapıb. Ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin təmin olunması, Xankəndidə bayrağımızın dalğalandırılması ilə tariximizin 30 illik bir dövrünə şanlı yekun vurulub, özündən sonra gələcək minilliklərə doğru parlaq yollar açıb.
Necə ki bunu Müzəffər Lider İlham Əliyev müsahibəsində bir daha dünyaya bəyan etdi: “Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir”
2020-ci il sentyabrın 27-də başlayan haqq işimizin öncə 8 noyabr Şuşa Zəfəri və onun uğurlu davamı kimi 2023-cü ildə Xankəndi Zəfəri ilə məntiqi sonluğuna yetirilməsi Azərbaycanın bütün parametrlərdə sürətli inkişafına birbaşa təkan verib, qarşıda yeni vəzifələrə, yeni hədəflərə yol açıb.
Hər zaman beynəlxalq arenada etibarlı və güvənilən tərəfdaş kimi tanınan, qlobal miqyaslı problemlərin həllinə mühüm töhfələr verən Azərbaycanın adı dünyanın nüfuzlu, eləcə də güclü ölkələri sırasında çəkilir. Təsadüfi deyil ki, bu gün istənilən beynəlxalq məsələ ilə bağlı Cənubi Qafqazın şəksiz lideri Azərbaycanın fikri öyrənilir, mövqeyi mütləq nəzərə alınır.

Təbii ki, Azərbaycanın əldə etdiyi bu qalibiyyətlər qardaş və dost ölkələri sevindirsə də, bunu həzm edə bilməyən bəzi xarici düşmənlərdən də xali deyilik. Xüsusilə də özlərini dünyanın “supergüc”ləri, “yenilməzlər”i sırasında hesab edən Qərb ölkələrinin timsalında ki bunların başında Fransa gəlir. Həmin ölkələr 30 illik işğal dövründə, eləcə də Vətən müharibəsi və ondan sonrakı zamanda, Xankəndi zəfərinə qədər, əllərindən gələn riyakarlığı, bədnamlığı etdilər ki, Azərbaycanı haqq yolundan döndərsinlər, amma bacarmadılar. Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi və suverenliyini tam təmin etdi. Özü də heç bir xarici siyasi təzyiqə boyun əymədən, öz gücü hesabına…
Azərbaycanın siyasi iradəsinə heç cür təsir göstərə bilməyən, qarşılarında daha 1990-cı illərin əvvəllərindəki yox, qüdrətli, güclü, onlara, sözün əsl mənasında, istənilən platformada meydan oxuyan qalib, Zəfər çalmış, yüksələn Azərbaycan olduğunu görən “demokratik” ölkələr isə indi qorxaqların getdiyi yollara əl atırlar. Bunu Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın Fransadakı abidəsinin təhqir olunmasının fonunda da aydın görmək olur…
“…Bu, deyə bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir”, – deyə müsahibəsində Prezident İlham Əliyevin vurğuladığı kimi…

Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın “dəmir yumruq”da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Qarşınızda baş əyirik, yurdu yaşatmaq üçün can verən qəhrəmanlarımız!
Nəzrin Əskərzadə,
YAP Xətai rayon təşkilatının üzvü

