İmtahan qayğısından necə qurtulmalı?
İmtahan öncəsi orta səviyyədə yaşanan qayğı, həyəcan hissi normal hesab edilir. Bu abituriyentin imtahana daha məsuliyyətli hazırlaşmasına yardımcı olur. Ancaq aşırı qayğı imtahan zamanı xoş olmayan nəticələrə gətirib çıxarır.
ARANTV.AZ “CNN-Türk”ə istinadla xəbər verir ki, Psixologiya kafedrasının üzvü Dr. Berke Kırıkkanat imtahan zamanı yaranan həyəcanın azalmasına kömək edəcək tövsiyələr verib.
Fasiləsiz görülən iş fayda vermir

Dr. Berke Kırıkkanat bildirib ki, imtahandan öncəki mərhələdə normal yemək və yuxu rejimini pozmamaq mütləqdir. Çox hərəkətsizlik də stress amilidir. Buna görə də kiçik idman fəaliyyətlərini ertələmək olmaz. Eyni zamanda, istirahət etməyi təmbəllik hesab etməmək lazımdır. Fasiləsiz görülən iş fayda vermir. Bunlar, abituriyentin imtahan zamanı daha diqqətli olmasına yardımçı olur.
Əlimdən gələni edəcəyəm…

Kırıkkanat qeyd edib ki, imtahan zamanı tələbə özünə sakitləşmək üçün bir neçə dəqiqə vaxt verməlidir. Bu zaman diafraqmadan nəfəs almaq və öz-özünə “əlimdən gələni edəcəyəm, dünyanın sonu deyil, mükəmməl olmaq məcburiyyətində deyiləm” kimi ifadələr işlətməlidir.
Valideynlər nə etməlidir?
Mütəxəssis vurğulayıb ki, ən əsası, valideynlərin hər vəziyyətdə uşaqlarının yanında olduqlarını hiss etdirmələri çox vacibdir. Valideynlər ilk gündən öz övladlarına imtahanın həyatın normal axınında yaşanan proseslərdən biri olduğunu, ailə münasibətlərində təhdid üsulu daşımadığını aşılmalıdır.

