Cəmiyyət 

Yağ boldur, amma…

Bu gün bir çox mütəxəssislər bitki yağlarının təbii olmadığından söz açır. Onların sözlərinə görə, bu yağların tərkibinə kimyəvi, dadlandırıcı, rəngləndirici maddələr vurulur. Bu gün mağaza piştaxtalarında yerli məhsullarla yanaşı, xarici məhsullara da rast gəlirik. Bəzən xarici məhsullar yerlilərdən daha münasib qiymətə insanlara təqdim olunur. Maraqlıdır, bu, nədən qaynaqlanır.

Görəsən, bitki yağı seçərkən əsas nəyə diqqət etməliyik?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “İki sahil”ə açıqlamasında dedi ki, bitki və spred yağları ilə bağlı bazarda problem var: “Ciddi problemlərdən biri spred yağlarda istehlakçının məlumat almaq hüququnun pozulmasıdır. Bu gün bir neçə bu kimi istehlakçılar qablaşmanın üzərinə “tərkibində bitki yağı var” deyə qeyd edir. Lakin sözügedən yağın hansı bitkidən olduğu yazılmır. Buna görə alıcının etirazları var. Təbii olaraq bunu bilmək istehlakçının hüququdur. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət ünvanladım və mənə yuvarlaq cavab verildi. Lakin əfsuslar olsun ki, sözügedən məsələ hələ də olduğu kimi qalır. Duru yağ bazarında problemlər mövcuddur. Bir neçə il öncə müəyyən araşdırma apardıqda məlum oldu ki, xaricdən ölkəmizə duru yağ idxalı zamanı qablaşdırmanın üzərinə qarğıdalı şəkili çəkilsə də əvəzinə günəbaxan yağı göndərirmişlər. Burada istehlakçının məlumat hüququ önə çəkilməlidir.

Yararlılıq müddəti az olan yağlara üstünlük verin

Bütün hallarda trans yağların miqdarı dövlət tərəfindən nəzarət altında saxlanılır. Trans yağların minimum səviyyədə saxlanması məsələsi ilə bağlı AQTA-nın sənədi var. Onu da vurğulamaq mütləqdir ki, əhali bitki yağlarını istifadə edərkən səhvə yol verir. Belə ki, dəfələrlə müxtəlif məhsulların eyni yağda qızardılmaması ilə bağlı mütəxəssislər tərəfindən çağırışlar edilsə də insanlar buna önəm vermir. Yağların belə istifadə olunması onların ciddi təhlükəli maddəyə çevrilməsinə səbəb olur. Bütün hallarda yerli bitki yağları daha üstündür. Kənardan gələn yağlara xarab olmasın və cəlbedici olsun deyə bəzi maddələr vurulur. Bəzi maddələr dedikdə insan orqanizminə xeyri olmayan inqridientlər və konservatlardan söhbət gedir. Məhsulu alarkən alıcılar mütləq yağın hansı tarixdə buraxılmasına və yararlılıq müddətinin nə qədər olduğuna baxsınlar. Yararlılıq müddəti az olan yağlara üstünlük versinlər.”

Trans yağlar xəstəliklərə səbəb olur?

Qeyd edək ki, sənaye üsulu ilə alınmış trans yağların sağlamlığa mənfi təsirləri ilə bağlı elmi dəlillər son 30 ildə artıb. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının 2003-cü il rəsmi hesabatına görə, tərkibinə trans yağ turşuları daxil olan yağların qida rasionunda gün ərzində 2 qramdan daha az istifadə edilməsi məsləhət görülür. Bu gün trans yağların bir çox xəstəliklərə səbəb olduğu bildirilir. Bunlar arasında qaraciyər, şəkərli diabet xəstəlikləri riskinin yüksəlməsi, qadınlarda sonsuzluq, piylənmə və göbək nahiyəsində yağlanmanı qeyd edə bilərik. Eyni zamanda, bu məhsullardan istifadə etməyin Alzheymer xəstəliyi riskini də artırdığı qeyd olunur.

Daha çox xəbərlər