Cəmiyyət 

Yaşıl dünya naminə… – FOTO

Mayın 22-də Suraxanı rayonu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının təşkilatçılığı, Suraxanı Rayon İcra Hakimiyyətinin,  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və “Suraxanı OYL” Əməliyyat Şirkətinin birgə tərəfdaşlığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya: Qlobal iqlim dəyişiklikləri və ətraf mühitin dayanıqlı inkişafı naminə müasir çağırışlar, qarşıya çıxan problemlər və həll yolları” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsini ziyarət edərək  önünə tər güllər düzüblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başlanıb.

Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Göy dəniz, yaşıl dağ, güllü diyar mənimdir” adlı sənədli filmi nümayiş olunub. Sənədli film təbiətin qorunması sahəsində dövlətin və Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi səmərəli ictimai fəaliyyətdən bəhs edir.

Konfransı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov  bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Bununla bağlı YAP Suraxanı rayon təşkilatı tərəfindən müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilməkdədir. Tədbirlər planına uyğun olaraq il ərzində ağacəkmə aksiyaları, nəzəri-praktik seminarlar, çimərliklərdə təmizlik aksiyaları keçirilməkdədir.

Ətraf mühitin qorunması üzrə beynəlxalq ekspert, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı layihələrinin sabiq koordinatoru Çingiz Məmmədov  konfransda məruzə ilə çıxış edib. O, konfrans iştirakçılarını dünyada və ölkəmizdə iqlim dəyişiklikləri ilə bağlı statistik məlumatlarla tanış edib.

Çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, rayonda cari ekoloji vəziyyət daim nəzarətdə saxlanılır. Ekoloji balansın qorunması məqsədi ilə təxirəsalınmaz tədbirlər görülməkdədir.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov da qeyd edib ki, ölkəmizdə ətraf mühitin dayanıqlı inkişafı naminə müasir çağırışlara cavab verən layihələr həyata keçirilməkdədir. Komitə sədri bildirib ki, bunun üçün lazımi qanunvericilik bazası mövcuddur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, COP29-un Təşkilat Komitəsinin üzvü Sevinc Fətəliyeva  çıxışında noyabr ayında ölkəmizdə keçiriləcək COP29-a hazırlıq məsələlərinə toxunub. Bildirib ki,  Azərbaycanın bu möhtəbər tədbirə ev sahibliyi etməsi beynəlxalq arenada böyük nüfuza malik olmasına əsaslanan amildir.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əsgərov  diqqətə çatdırıb ki, Azərbaycan neft ölkəsi kimi ənənəvi enerji mənbələrinə malik olsa da, respublikamızda qeyri-ənənəvi, müasir və ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişaf etdirilməsi böyük vüsət almışdır.

Suraxanı rayonundakı 279 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının  ərazi partiya təşkilatının sədri  Südabə Abdullayeva bildirib ki, ümumtəhsil müəssisələrində, ümumiyyətlə, təhsil ocaqlarında ekoloji təlim və tərbiyə gələcəyə qoyulmuş ən böyük mənəvi kapitaldır.

Konfrans öz işini  Yeni Azərbaycan Partiyasının himninin  səsləndirilməsi ilə yekunlaşdırıb.

Yaqut Ağaşahqızı, “İki sahil”

Daha çox xəbərlər