Cəmiyyət 

Qəhvə sevənlər diqqət edin…

“Üçü birində”, südlü, şəkərli olan və paketlərdə satılan qəhvələrin tərkibində kimyəvi maddələr olduğundan orqanizmdə asılılıq yaradır, həzm sistemini pozur

Bu gün dünyada ən çox istehlak edilən içkilərdən biri məhz qəhvədir. Son illər ölkəmizdə də qəhvədən istifadə edənlərin çoxalıb. O cümlədən qəhvə satışı ilə məşğul olan kafelərin sayında da artım müşahidə edilir. Bu gün mağazalarda müxtəlif çeşidlərdə və markalarda qəhvə növlərinə rast gələ bilərik. Çeşidin bol olduğu yerdə keyfiyyətli qəhvə seçimi etmək çətinləşir.

Belə olan halda insanlar qəhvə seçərkən daha çox nəyə diqqət etməlidir?

Orqanizmə faydası çoxdur

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bir çox ölkələrdə qəhvə gündəlik içki kimi istifadə olunur. Keyfiyyətli qəhvənin insan orqanizminə faydası çoxdur. Belə ki, qəhvənin tərkibində olan kofein maddəsi insan orqanizminə təsirini göstərir və qısa müddətdə enerjili hiss etməyə, yuxusuzluğun aradan qalxmasına kömək olur, qan dövranını sürətləndirir, xüsusilə də yaddaşı gücləndirir. Davamlı olaraq bu içkini qəbul edən insanlarda artıq qəhvədən qaynaqlanan gündəlik gümrah enerjili hiss etmək bir ehtiyac yaradır. Bir çox hallarda zehni işlə məşğul olarkən qəhvədən istifadə edilməsi mütəxəssislər tərəfindən də tövsiyə olunur. Ancaq yaxşı olar ki, mütləq keyfiyyətli və təbii qəhvədən istifadə olunsun. Həmçinin qəhvənin tərkibinə süd, qaymaq, şəkər, dadlandırıcı kimi əlavələr edilməsin. Sözügedən əlavələrlə birgə qəbul olunan qəhvənin kalorisi enerjiyə çevrilmirsə, bu insan orqanizminin artıq çəki almasına və piylənməsinə səbəb olur. Gün ərzində 2 fincanı keçməmək şərti ilə 400 mg şəklində qəhvə qəbul etmək daha faydalı hesab olunur. Ona görə də yaxşı olar ki, qəhvə günün birinci yarısında və günorta saatlarında içilsin. Axşam saatlarında qəhvə içmək yuxusuzluq və bəzən yuxusuzluqdan qaynaqlanan digər problemlərə səbəb ola bilər.

Keyfiyyətli qəhvəni necə seçək?

Keyfiyyətli kofeni seçmək məsələsinə gəldikdə deyə bilərik ki, bu içki  yaxşı olar üyüdülmüş halda qəbul olunsun. Qurudulmasına görə isə daha çox light (açıq), medium (orta), dark (tünd) olaraq seçilir. Qəhvəsevərlər daha çox qovrulduğu və dadı daha çox hiss olunduğu üçün tünd qovrulmuş qəhvələrə üstünlük verirlər. “Üçü birində”, südlü, şəkərli kimi paketlərdə satılan qəhvələr kimyəvi qatqı maddələrindən ibarət olduğuna görə insan orqanizmdə asılılıqla yanaşı, həzm sisteminin pozulmasına, ishal yaradır. Davamlı istifadə etdikdə isə bağırsaq mikroflorasının pozulmasına gətirib çıxarır. Bu səbəblərdən sözügedən qəhvələrdən istifadə tövsiyə edilmir.

Daha çox xəbərlər