Cəmiyyət 

Yayda isti çay içməyin zərərləri nədir ?

Çay Azərbaycan xalqı üçün ən sevimli içkidir. Yay qış demədən çay insanların ağlına gələn, susuzluğun ən yaxşı dərmanıdır. Dünya statistikasına əsasən, ən çox çay içən insanlar azərbaycanlılardır. Yayda isti çay içməyin zərərləri nədir ?

Mövzu ilə bağlı BiG.AZ-a qida üzrə ekspert Ağa Salmanov açıqlama verib.

O bildirib ki, çay dünyada əhəmiyyətli sayda insan tərəfindən istehlak edilən ən məşhur içkidir və bu baxımdan sudan sonra ikinci yerdə gəlir.

“Çayın tərkibində insan orqanizminə bir çox cəhətdən təsir edə bilən 4000-dən çox kimyəvi birləşmə var. Güclü antioksidant xüsusiyyətlərinə görə çay orqanizmdə gedən qocalma proseslərini ləngidir, ürək-damar sistemini qoruyur, bir çox xəstəliklərin, o cümlədən xərçəngin inkişafının qarşısını alır. Amma çox çay icmək zərərlidir. Hər şeyin artığı bədənə ziyandır. Yüksək hərarət zamanı isti tünd çay ziyanlıdır və hərarətin daha da artmasına səbəb ola bilər. Çox isti, qaynar çay içmək olmaz. Belə çayın daim istehlakı boğaz, qida borusu və mədə xərçənginə səbəb ola bilər. Mütəxəssislərdən tövsiyə — çay dodaqlarınızı yandırmırsa, içə bilərsiniz. Əks halda soyumasını gözləyin.Yatmazdan bilavasitə əvvəl çay içməyin. Çayın tərkibində olan kofein sinir sistemini “oyadır” və bu da yuxuya getməyə mane olur. Digər tərəfdən çay sidikqovucu təsirə malikdir ki, bu da gecə rahat yatmağa əngəl ola bilər. Qida qəbulundan dərhal sonra çay içməyin. Bu zülalların və dəmirin mənimsənilməsini pisləşdirir. Spirtli içkilərdən sonra çay içmək olmaz. Bu böyrəklər üçün çox ziyanlıdır. Axşamdan qalan çayı içməyin. Belə çayda artıq faydalı maddələr qalmayıb, mikrobların sayı isə əksinə çoxalıb. Dərmanın üstündən çay içməyin. Bu dərmanların mənimsənilməsinə mane olur”.

Daha çox xəbərlər