Cəmiyyət 

Narkomaniya dünyanın ağır xəstəliyidir

Bəşəriyyət uzun illərdən bəri narkomaniyanın törətdiyi dəhşətli fəsadlar qarşısında acizdir. Narkomanlığın və narkotiklərdən istifadənin tarixi qədim dövrlərə təsadüf edir. Narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlmək mümkündür. Narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə olunması uzaq keçmişdə olduğu kimi, müasir dövrümüzdə də geniş yayılmışdır. İnsan orqanizminə, səhhətə, sağlamlığa, mənəviyyata ən sağalmaz zərbələr vuran narkomanlıq və narkotiklərə aludəçilik bu gün olduğu kimi, qədim zamanlarda da ən pis vərdişlərdən biri olmuşdur.

İlk öncə narkomaniya sözünü hərfi mənada təhlil edib onun anlayışına varmaq məsələnin səmərəli təhlili üçün mühüm əhəmiyyət kəsb edir.  Narkomaniya yunan sözü olub “narko” donub qalmaq, “maniya” psixi pozğunluq mənasını ifadə edir. Qanunvericilikdə narkomanlığa və narkotik vasitələrə konkret anlayış verilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Qeyd olunan maddəyə görə narkomanlıq xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla, o cümlədən psixi və davranış pozuntuları ilə ifadə olunan xəstəlik vəziyyətidir.

Narkomaniya cinayətkarlıqla bağlı olan hadisələrdən biridir. Narkomaniya və cinayətkarlığın qarşılıqlı əlaqəsi narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olan hüquqazidd hərəkətlərin edilməsində ifadə olunur. Bu cinayətlərin ictimai təhlükəliliyi yüksəkdir. Narkomaniya müasir dünyanın ağır xəstəliyidir. Belə ki, narkotik və psixotrop maddələrin artan istehlakı hər şeydən əvvəl ağır psixonevroloji xəstəliklərin də sayını artırır, yoluxucu xəstəliklərin yayılmasını sürətləndirir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun deqradasiyasına gətirib çıxarır. Təsadüfi deyil ki, narkomaniyaya düçar olmuş şəxslər bir sıra sağalmaz və ya çətin müalicə olunan xəstəliklərə yoluxurlar. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ciddi maneələr törədir. Dünyada gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması mövcud problemin aktuallığını nəzərə çarpacaq dərəcədə artırır.

90-cı illərin əvvəllərində müstəqilliyini yeni elan etmiş Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına, 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. Sözügedən dövrdə Azərbaycan Respublikasında aparılan genişmiqyaslı və dərin hüquqi islahatların fonunda bu sahədə də çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur. Şəxsiyyəti, cəmiyyəti və dövləti narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar qəsdlərdən qorumaq, habelə cinayətlərin qarşısını almaq 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əsas vəzifələrindən biri kimi təsbit olunmuşdur. Həmin məcəllənin 26-cı fəsli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri əhatə edir. Bu qəbildən olan cinayətlərin ümumi obyekti ictimai təhlükəsizlik və ictimai qayda olsa da, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olan ictimai təhlükəli əməllər dolayısı ilə şəxsiyyətin həyat və sağlamlığına, mülkiyyətə, iqtisadi fəaliyyətə, yetkinlik yaşına çatmayanların hüquqlarına da qəsd edir.

Dövlətimizin müstəqilliyinin ilk illərindən başlayaraq Ümummilli Lider Heydər Əliyev cəmiyyətin sağlam inkişafının vacibliyini görmüş, narkomaniya ilə mübarizənin hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizəsi olduğunu bildirmişdir. Müdrik siyasətinin mərkəzində insan amili dayanan Ulu Öndər Heydər Əliyev narkomaniyaya qarşı mübarizənin vacibliyini hər zaman ön plana çəkmişdir. Heydər Əliyev tərəfindən imzalanmış “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı ilə “ağ ölümə” qarşı mübarizə yeni bir mərhələyə qədəm qoymuşdur. Həmin Fərmanla Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir.

Ümummilli Liderin siyasi məktəbinin uğurlu davamçısı Prezident İlham Əliyev tərəfindən narkomaniya ilə mübarizəyə dair çoxsaylı fərman və sərəncamlar imzalanmışdır. Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirləri özündə ehtiva edən dövlət proqramları təsdiq edilmiş və uğurla həyata keçirilmişdir. Bu sənədlər içərisində dövlət başçısı tərəfindən imzalanmış “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam olduqca əhəmiyyətlidir. Qeyd olunan dövlət proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

Aytən Hacıyeva,
Goranboy rayon prokurorunun köməkçisi,
III dərəcəli hüquqşünas

Daha çox xəbərlər