Büdcə qalıqları hara xərclənir?- Deputatın etirazına rəylər
“Hər il Sosial Müdafiə Fondu kifayət qədər ehtiyat saxlayır. Bu il də İşsizlikdən Sığorta Fondunda 56 milyon manata yaxın ehtiyat var, üç milyonu xərclənib, 53 milyonu qalıb. Bu qalığı saxlamaqda məqsədiniz nədir?!”
Bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcəyə dəyişikliyin müzakirəsi zamanı deyib. “Büdcə planlaşdırılıbsa, xərclənməlidir. Əhaliyə verilən 300 manatı artırın, 500-600 manat edin, artıq da qalmasın. Bunu eləmək istəmirsiniz, müharibə veteranlarına verilən 80 manatı qaldırın. Ayıbdır. Müharibə veteranına 80 manat vermək gülüncdür”, – deyə parlamentari vurğulayıb.
Qeyd edək ki, maaşların və müavinətlərin artırılması ilə bağlı neçə vaxtdır ki, müzakirələr aparılır. Amma bu müzakirələrin hər hansı nəticə verdiyinin də şahidi olmamışıq. Bu istiqamətdə nə kimi işlər görülməlidir?

İqtisadçı-ekspert Natiq Cəfərli Musavat.com-a deputatın təklifi ilə bağlı bunları dedi: “Veteranlara 80 manat müavinətin verilməsi doğurdan da aşağı göstəricidir. Bu məbləğ bəlkə də müharibə veteranlarının heç nəqliyyat xərclərini sona qədər ödəmir. Amma onların müxtəlif istiqamətdə xərcləri də olur. Ən azından aldıqları vəsait kommunal xidmətlərə və digər sahələrə təsir etməlidir. Bildiyim qədər siyahıda olan veteranların sayı 180 mindir. 80 manatı iki dəfə artırsaq bu, dövlət büdcəsi üçün cəmi 7 il ərzində 350 -400 milyon manata başa gələcək. Bu da böyük vəsait deyil, iki dəfə artırmaq mümkündür. O ki qaldı işsizliklə bağlı məsələyə, burada anlaşılmazlıqlar çoxdur. Bunun işləmə mexanizmləri sadələşdirilməlidir. Sığortalı olmağın özü belə böyük işdir. Qeydiyyata durmalısan, sənədlər toplamalısan, bunlar elektronlaşmalıdır. Bu proses sürətləndirilməlidir, vətəndaşlar da bilgiləndirilməlidir. Vətəndaşların çoxunun belə bir mexanizmdən xəbərləri yoxdur. Ona görə hesab edirəm ki, Vahid müəllimin qaldırdığı məsələ çox aktualdır. Veteranların müavinətini iki dəfə artırmaq imkanı var. İşsizlikdən Sığorta Fondunun işi yığdığı vəsaiti vətəndaşlara xərcləməkdən ibarətdir. Bank deyil ki, vəsaiti bir neçə il özündə saxlasın. Topladığı vəsaiti işləyən vətəndaşlardan toplayır, maaşımızdan o fonda vəsait köçürürük. Ona görə köçürürük ki, kimsə işsiz qalanda bir həmrəylik nümayiş olunsun. Ona görə qalıq qalırsa, işsizliklə bağlı müavinətlərin artırılması mümkündür, həm də bunun mexanizmi sadələşdirilməlidir”.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə Musavat.com-a dedi ki, qalıqların olması hər zaman olub və olacaq: “Tutaq ki, bir dövlət qurumuna bir il üçün 10 milyon pul ayrılıb. O müəyyən tenderləri, satınalmaları həyata keçirə bilmir. Yaxud ezamiyyələri reallaşdıra bilmir. Misal üçün, pandemiya dövründə heç bir ezamiyyə olmadı. Yaxud planlaşdırılan hər hansı bir işləri hansısa səbəbdən həyata keçirə bilmədi. O maddələr üzrə vəsaiti həmin qurum xərcləyə bilməz. Bunlar dövlət büdcəsinə qayıtmalıdır. Burada 50-60 milyon pul yığılıbsa da, böyük məbləğ deyil. Məsələn, veteranlar 80 manat alır, cəmi 20 manat artırsalar, artıq dövlət büdcəsinə, misal üçün, 50 min pul lazım ola bilər. İstənilən halda o pul çatmayacaq. Əlbəttə, minimum əmək haqlarının artırılmasının da tərəfdarıyam, veteranlara, qazilərə yönələn müavinətlər də artsın. Amma Vahid müəllimin dediyi vəsaitlə bunu artırmaq mümkün olmayacaq. Yəni qalıq vəsait böyük deyil. Başqa yerlərdə lüzumsuz xərcləri azaltmaqla, dövlət orqanlarının aparatının saxlanması üçün şişirdilmiş ştatlar, bahalı xidməti avtomobillər və bu kimi xərcləri azaltmaqla əlbəttə müəyyən qədər vəsait əldə etmək olar. Əmək haqqı 345 manatdan aşağı olan xeyli heyət var. Məsələn, müəllimlər saathesabı ilə dərs deyir. İlk olaraq mənbələr araşdırılmalı və harada vəsaitin olması deyilməlidir. Bundan sonra maaşı ya da müavinəti artırmaq olar”.

