Cəmiyyət 

Bol su, bol məhsul deməkdir…

Su həm insan həyatı, həm də təbiətdə canlı nə varsa hamısı üçün həlledici əhəmiyyətə malikdir. Maddi nemətlər bolluğu, flora və faunanın inkişafı da sudan asılıdır. Ona görə də dövlətimiz daim su bolluğu olması üçün lazımi tədbirlər görür. Builki qışda yağan və əriyən qar və yaz yağışları su anbarlarımızda kifayət qədər su ehtiyatı yaradıb. İnamla demək olar ki, yazın qalan günlərində və yayda əkilən torpaqlarımız bol məhsul verəcək. Çaylarda, göllərdə, sututarlarda və dəryaçalarda yığılan suyun səviyyəsinin yüksək həddə çatması belə deməyə əsas verir. Ən böyük su tutumu olan anbarlardan biri Mingəçevir dəryaçasıdır.

Mayın 27-də Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Mingəçevir su anbarında cari vəziyyətlə yerində tanış olub, daha sonra  iclas keçirilib.

Su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyanın fəaliyyəti çərçivəsində ölkədə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunmaqla, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilməsi planlaşdırılıb.

Kür çayından gələn suların tənzimlənməsi üçün Şəmkir və Mingəçevir su anbarlarında müəyyən səviyyə saxlanılmışdır ki, bu da normadan artıq gələn suların toplanması üçün kifayət edir. Hələlik hər hansı kritik vəziyyət müşahidə olunmur.

Bu sözləri isə Su Ehtiyatları Agentliyinin məsul nümayəndəsi Sarvan Ağayev Kür çayının səviyyəsinin artması səbəbindən Mingəçevir su anbarında yarana biləcək təhlükə haqqında danışarkən deyib. Onun sözlərinə görə, Mingəçevir su anbarında 14,7 milyard kubmetr su ehtiyatı toplanıb:“Əvvəlki illərdə quraqlıq olsa da, son iki ildir havaların yağmurlu keçməsi nəticəsində çaylarımızda suyun səviyyəsi artıb. Təkcə Mingəçevir su anbarında 14,7 milyard kubmetr su ehtiyatı toplanıb ki, bu da keçən illə müqayisədə 3,3 milyard kubmetr artıqdır. Mingəçevir su anbarından Kürə ötürülən su da artırılıb. Hazırda saniyədə 365 kubmetr su Kür çayına buraxılır. Mingəçevir su anbarının normal həcmi 15 milyard 730 milyon kubmetrdir. Hələ ki, biz normal səviyyəyə çatmamışıq. Kritik farsirovka səviyyəsində 16 milyarda qədər toplamaq mümkündür”.

Anbarlarda kifayət qədər su ehtiyatlarının yaranması deməyə əsas verir ki, bu il və qarşıdakı illərdə susuzluqdan şoranlığa çevrilən torpaqların böyük qismi əkin üçün istifadəyə yararlı vəziyyətə gətiriləcək. Əkilən sahələrin isə məhsuldarlığı daha da yüksələcək. Bir sözlə, susuzluqdan yanan Şirvan düzləri cana gələcək.

Deməliyik ki, torpaqlarımız Ermənistanın işğalından azad olunandan az müddət sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri ilə təkcə Kəlbəcər rayonu ərazisində dörd su anbarı inşa olunmuşdur. Həmin anbarlar ətraf ərazilərin su ilə təchiz edilməsinə təminat verəcəkdir. Eyni zamanda, əhalinin və istehsal müəssisələrinin elektrik enerjisi ilə təchizatı da tamamilə təmin ediləcəkdir. Xaçınçay üzərində iri tutumlu su anbarı isə keçən il əsaslı təmirdən sonra istifadəyə verilib. Bütün bunlar iqtisadiyyatımızın əhəmiyyətli dərəcədə artacağına təkan verəcək. İşğal səbəbindən uzun illər qaranlığa qərq olmuş və xarabazara çevrilmiş şəhər və kəndlərimizdə təsərrüfat işləri canlanmaqda, əkin sahələri göz oxşamaqda, müqəddəs yurd yerlərimiz yenidən nura boyanmaqdaqdır.

Vəli İlyasov, “İki sahil”

Daha çox xəbərlər