Cəmiyyət 

Səhər yeməyini özün ye…

Gün ərzində insanların fəallığının yüksəlməsi üçün səhər yeməyi vacibdir. Təbii ki, bir yeməyin faydalı olması üçün onun hansı məhsullardan ibarət olduğuna xüsusi diqqət yetirilməlidir. Son illərdə Azərbaycanda müxtəlif ölkələrin bol çeşidli səhər yeməklərinə daha çox üstünlük verilir.

Bəs görəsən, doğru və faydalı səhər yeməyi necə olmalıdır?

Həkim-dietoloq Leyla Zülfüqarlı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, səhər yeməkləri arasında bəzi ölkələrin, o cümlədən qardaş Türkiyənin mətbəxi yaxşı nümunələr arasındadır: “Lakin burada azərbaycanlılar üçün bəzi elementləri azaltmaq doğru olar. Çünki bizim DNK-mızın illərlə öyrəşdiyi səhər yeməyi mədəniyyəti tamam başqadır. Bu səbəbdən birdən-birə bu yemək mədəniyyətinə fizioloji öyrəşməyimiz də çətindir. Qardaş Türkiyədə səhər yeməyində istifadə edilən doğru məhsullar sırasında cəfəri də var.  Belə ki, bu göyərtinin tərkibi antioksidantlarla zəngindir, həzmi yaxşılaşdırır, qanda şəkəri tənzimləyir, göz və sümük sağlamlığı üçün vacibdir. Həmçinin yemək menyusunda pendir, zeytun, pomidor, xiyar və tam taxıllı çörəklər də mövcuddur. Eyni zamanda, şirin çaydan da çox istifadə olunmur. Bunlar tam doğru örnəkdir. İstifadə edilməməli məqamlara gəldikdə isə daha öncə dediyimiz məhsullarla birgə sucuqlar, müxtəlif yumurtalı omletlər türklər üçün sadə menyu olsa da, bizim orqanizmimiz üçün həddən artıq çoxdur. Ona görə də sözügedən yeməkləri həftəlik qrafikə bölərək istifadə etməyimiz çox yaxşı olar. Belə formada qidalanan orqanizmin gün ərzində 3 dəfə doğru yemək fasiləsi etməsi bütün vacib maddələri almasına kömək olur. Belə olan halda da təbii ki, biz orqanizmimizi mükafatlandırmış oluruq”.

Qeyd edək ki, araşdırmalara görə, səhər yeməyi uşaqların yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır. Səhər yeməyi yeyən uşaqlar və böyüklər  ondan imtina edənlərdən daha çox lif, kalsium, A və C vitaminləri, riboflavin, sink və dəmir əldə edirlər. Hətta çəki artımından ehtiyatlanan insanlarda belə səhər yeməyi sağlam çəkidə qalmağı təmin edir. Səhər yeməyi bədənə gümrahlıq verir, ürəyin fəaliyyətinə, həzm sisteminin funksiyasına, sümüklərə faydalı təsir göstərir, insanı tox saxlayır və əhval-ruhiyyəni yaxşılaşdırır. Lakin səhər yeməyindən imtina edən insanlarda qanda xolesterinin miqdarı daha yüksək olur. Son tədqiqatlar nəticəsində məlum olub ki, süd və dənli bitkilərdən hazırlanan səhər yeməyi orqanizmdə insulinin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. Süd tərkibli məhsullar, meyvələr, arpa, buğda, qarabaşaq bitkilərindən hazırlanmış çörəklər və bu kimi səhər yeməkləri metabolik sindrom riskini aşağı salır.

Sayalı Abasova, “İki sahil”

Daha çox xəbərlər