Həyat tərzinizi dəyişin…
Oturaq həyat keçirənlər insanların qanında şəkər, xolesterin artır, artıq çəki meydana gəlir ki, bu da ürək sağlamlığı üçün ziyandır.
Bu gün ürək xəstəliklərindən baş verən ölüm yaşından asılı olmayaraq ən çox rast gəlinən hallardan biridir. İndi bir çoxları gərgin iş rejimində çalışırlar. Hətta bu rejim də səhərdən gecə saatlarınadək oturaq işləyən insanlar var.
Görəsən belə işləməyin ürəyə hansı təsirləri var? Ürək sağlamlığı üçün düzgün həyat fəaliyyəti və qida vərdişləri necə olmalıdır?
Oturaq həyat tərzi sağlamlıq üçün təhlükəlidir
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova “İki sahil”ə açıqlamasında bildirdi ki, uzun müddət, fasiləsiz oturmaq insan sağlamlığı üçün təhlükəlidir: “Çünki 2-3 saatdan çox əyləşmək damarların sıxılmasına və qan dövranının pozulmasına səbəb olur. Eyni zamanda, limfa durğunluğuna da gətirir. Bu isə ayaqlarda şişkinliyə səbəb olur. İşin xüsusiyyəti də olsa, belə iş fəaliyyəti ürəyə ciddi ziyan vurur. Oturaq həyat keçirən insanların qanında şəkər, xolesterin artır, artıq çəki meydana gəlir. Bu vəziyyət ürəklə yanaşı, bel-dayaq sisteminə də mənfi təsir göstərir. Böyük Britaniya alimlərinin apardığı araşdırmalarına görə oturaq həyat tərzi dərin venoz trombuna, piylənməyə səbəb olur ki, piy də öz növbəsində ürəyi qanla təmin etməyə mane olur. Bütün bunların nəticəsində çəki artır, çəkinin artması isə qan təzyiqini yüksəldir. Bu isə hipertoniya xəstəliyini qaçılmaz edir. Elə bu səbəbdən bu insanlar qida rasionlarına ciddi diqqət yetirməlidirlər”.
Hər saatda bir dəfə, ən azı beş dəqiqəlik fasilə verin
Professorun sözlərinə görə, oturaq həyat tərzinin törətdiyi xəstəliklərin qarşısını almaq üçün əvvəlcə iş rejimi oturaq olan insanlar hər saatdan bir, ən azı beş dəqiqəlik fasilə etməlidir: “Eyni zamanda, gün ərzində qət etdiyiniz kiçik məsafələrdə nəqliyyatdan istifadə etməmək, yüngül idman hərəkətləri etmək, gəzmək, təmiz havaya çıxmaq sağlamlıq üçün yarana biləcək problemlərin qarşısının alınmasında yardımçı ola bilər. Ən önəmli məqamlardan biri isə minimum 7 saat olmaqla keyfiyyətli yuxu rejiminə diqqət edilməlidir. Pis vərdişlərdən uzaq olmaq da vacibdir. Çünki siqaretin tərkibində olan nikotin qan damarlarını spazm edir, buna görə qan təzyiqi yüksəlir, damar divarları zədələnir və onların üzərində ürək-damar xəstəliklərinin əsas səbəbi olan lövhələr çökür. Siqaret çəkənin şəxsin ən çox beyni əziyyət çəkir. Belə ki, həmin şəxsin yaddaşı pozulur, hətta iflic belə ola bilər. Başqa bir zərərverici vərdiş isə həddindən artıq içməkdir”.
“Fast-food” yeməyi dayandırın, şirniyyatı məhdudlaşdırın, mövsümi tərəvəz və meyvələrə üstünlük verin
Professor Gülnaz Dadaşovanın sözlərinə görə, ürəyin sağlamlığını qorumaq üçün qida rasionunda kalorisi az, vitamin və mikroelementləri zəngin məhsullar daxil edilməlidir: “Meyvə və tərəvəzə daha çox üstünlük verilməlidir. Energetik içkilərin istifadəsini kofein istifadəsini məhdudlaşdırmalı, alkoqollu içkilərdən sui-istifadə edilməməlidir. “Fast-food” yeməyi dayandırmaq, şirniyyatları məhdudlaşdırmaq, mövsümi tərəvəz və meyvələr yemək, daha çox su içmək lazımdır. Gərgin iş rejimində çalışan və gün ərzində sadəcə 2 dəfə yüngül yemək yeməyə fürsət tapan insanlar üçün bu hal çox yaxşıdır. Çünki 2-3 dəfə yüngül yemək həzm prosesinə kömək edir, karbohidratların mənimsənilməsini asanlaşdırır.
Həyat tərzinizi dəyişin
Həkim qeyd etdi ki, ürək-damar xəstəliklərinin qarşısının alınması və ya müalicəsi üçün tətbiq ediləcək önəmli nüanslardan biri ideal çəkiyə sahib olmaqdır: “Bunun üçün əvvəlcə həyat tərzi dəyişikliyi edərək, yüngül və balanslaşdırılmış qidalanmaya diqqət yetirmək lazımdır. Sağlam bədən üçün tək bir qidadan fayda gözləmək təbii ki, mümkün deyil. Lakin ürək sağlamlığına digərlərindən daha çox töhfə verən bəzi qidalar mövcuddur. Belə ki, tərkibində omeqa-3 yağ turşuları, paxlalılar, yüksək lif, sterol və yağ tərkibi sayəsində xolesterolun udulmasını azaldır, ürək və damar xəstəliklərini aradan qaldırır. Balıq və ət məhsulları, meyvə tərəvəz, qoz, fındıq, badam, sitrus meyvələr, ispanaq və brokoli kimi yaşıl tərəvəzlər kalium, lif, fol turşusu, kalsium və C vitamini ilə zəngin ürək sağlamlığı üçün vacib olan tərəvəzlərdir”.
Sayalı Abasova, “İki sahil”

