Cəmiyyət 

“Bizim həyət”: Baxdıqca insanın ürəyi açılır

Layihə çərçivəsində 152 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi paytaxt Bakı şəhərində uğurla davam edir.

“Bizim həyət” layihəsi çərçivəsində həyətlərin abadlaşdırılması layihəsinə vətəndaşların marağı hədsizdir. Bunun üçün hansı prosedurdan keçmək vətəndaşları maraqlandıran vacib məsələlərdən biridir. Təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsinə qoşulmaq üçün vətəndaşlar “IDEA” İctimai Birliyinin qaynar xətti “1113”ə müraciət etməlidir. Yaxud öz həyətlərinin fotoşəkillərini, o cümlədən həyətin dəqiq ünvanını və öz ad, soyad və əlaqə nömrələrini əlavə etməklə info@ideacampaign.org emailinə göndərməlidirlər. Bu zaman müraciət məsul departament nümayəndələri tərəfindən dərhal siyahıya əlavə olunacaqdır. Prosedur olduqca sadə və şəffafdır. Belə ki, həyət baxımsız və abadlaşdırılmağa ehtiyacı olan həyətdirsə, yuxarıdakı qaydada müraciət etməkdən əlavə heç bir addıma ehtiyac yoxdur.

2017-ci ilin sonunda start verilən layihəyə həmin vaxtdan etibarən davamlı olaraq müraciətlər daxil olur. Bu müraciətlərə isə növbə prinsipi əsasında və mütləq şəkildə baxılır. Müraciətlərin yüzlərlə olmasını nəzərə alaraq müraciətçilərin müəyyən vaxt gözləmələri tələb edilir. Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində bütün həyətlərin açılış mərasimləri zamanı orada sakinlər və IDEA könüllülərinin köməyi ilə çoxsaylı ağac və kollar əkilir. Layihə çərçivəsində şəhərin bütün digər abadlaşdırılmaya ehtiyacı olan həyətlərinin yaxşılaşdırılması nəzərdə tutulur. Həyətlərin abadlaşdırılaraq təhvil verilməsi nə qədər vacibdirsə, onların məhz həyət sakinləri tərəfindən qorunması, salınan yaşıllıqlara diqqət və qayğının göstərilməsi, əkilən ağac və kolların mütəmadi olaraq suvarılması, həyətin təmiz saxlanmasına riayət olunması da bir o qədər vacibdir. Buna görə də, bütün “Bizim həyət” sakinləri yaradılan şəraitə qayğıkeş münasibət göstərərək səmərəli istifadə etməyə çağırılır.

“İki sahil”in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 152 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. “Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Layihə çərçivəsində abadlaşdırılan bütün həyətlərdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb. Eyni zamanda, həyətyanı sahələrdə söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb.

Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.

 

Daha çox xəbərlər