Cəmiyyət 

Gözün aydın, Xocalı, biz qayıtdıq!

Xocalı sakini: Bu, lap möcüzədir…

2023-cü il 19-20 sentyabr tarixlərində cəmi bir gün çəkən antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizminə birdəfəlik son qoyulmasından sonra oktyabrın 15-də müqəddəs üçrəngli Bayrağımızın Xankəndidə, Xocavənddə, Ağdərədə və Xocalıda ucaldılması Zəfər yürüşümüzün ən parlaq zirvəsi idi. Xüsusilə illər boyu ürəyimizin qaysaq bağlamayan yarasına çevrilmiş Xocalının azadlığına qovuşması şanlı Qələbəmizin təcəssümünə çevrildi. Çünki Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qanlı soyqırımının 32-ci ildönümündə Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dediyi kimi, biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik: “Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”.

Azad edilməsindən cəmi səkkiz ay keçməsinə baxmayaraq artıq Xocalı da Böyük Qayıdışın növbəti ünvanına çevrilib. Doğma yurda daimi yaşamaq üçün qayıtmış xocalılıların hansı hisslər keçirdiklərini, onların duyğularını, arzularını özlərindən öyrəndik.

Şəhid övladı, hər iki valideynini itirmiş 25 Xocalı sakinindən biri olan Əzimov Tofiq Həsənbala oğlu “İki sahil”ə açıqlamasında bildirdi ki, yeni evimdə keçirdiyim ilk günlər mənə şirin yuxu kimi gəlir: “Dinc azərbaycanlıların qanına susamış erməni cəlladları 1992-ci ilin o qanlı fevral gecəsində atamla anamı gözlərimin önündə qətlə yetiriblər. Bu gün elə bilirəm onlara yenidən qovuşmuşam. Müzəffər Ali Baş Komandanımız dəfələrlə xocalılılarla görüşündə verdiyi sözü reallığa çevirdi. Məhz Müzəffər Ali Baş Komandanın əzmi, qətiyyəti sayəsində, Onun rəhbərliyi ilə qüdrətli ordumuz təkcə torpaqlarımızı işğaldan azad etmədi, eyni zamanda Xocalı soyqırımı qurbanlarının qisasını da döyüş meydanlarında aldı və bizim Xocalı həsrətimizə son qoyuldu.”

Məcburi köçkünlük dövründə həmişə dövlətimizin qayğısını hiss etdiyini deyən T.Əzimov onu da dedi ki, Xocalının müasir siması cənnəti xatırladır: “Doğma yurduma qayıdana qədər müvəqqəti olaraq Abşeron rayonunun Müşfiqabad qəsəbəsində salınmış yaşayış massivində yeni mənzillə təmin edilmişdim. Ancaq ürəyim hər zaman Xocalı ilə döyünürdü. Mən özüm tikinti ustasıyam, heç inanmaq olmur ki, bu qədər qısa vaxtda belə gözəl işlər görülüb. Bu lap möcüzədir. Mənzillərimiz göz oxşayır, yaradılan şərait əladır. Allah Prezidentimizi qorusun!”

Əzizov Natiq Mövsüm oğlu da Böyük Qayıdış çərçivəsində Xocalıya ilk köç karvanına qoşulanlar sırasındadır: “Erməni vəhşilərinin törətdiyi soyqırımının canlı şahidi kimi 32 il sonra işğaldan azad edilmiş və qısa müddətdə yenidən qurulmuş doğma Xocalıya ilk qayıdanların sırasında olmaq əvəzedilməz duyğudur. Allahın bu gününə şükür. Möhtərəm Prezidentimizin sayəsində burada bizim üçün hər şərait yaradılıb. Xocalı cəmi səkkiz ay ərzində əvvəlkindən də qat-qat gözəl bərpa edilib, yeni evlər tikilib. Bu işdə əməyi olanların hər birinə ürəkdən minnətdarlığımı bildirirəm.”

N.Əzizov Xocalıdan işğaldan azad edilmiş ərazilərimizdən olan keçmiş məcburi köçkünlərə müraciət etmək istədiyini bildirdi: “Onlardan xahişim odur ki, biz hamımız bir nəfər kimi öz doğma ata-baba yurdumuza qayıdıb, burada yaşayaq, işləyək, yenidən qurub-yaradaq. Çünki bu torpaqlar şəhidlərimizin qanı bahasına azad edilib, onun hər qarışı şəhid qanı ilə suvarılıb. Şəhid qanı ilə yoğrulmuş torpaq isə adi torpaq deyil, müqəddəs Vətəndir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, ordumuzu var etsin!”

32 illdən sonra Xocalısına qovuşan, ailəsi ilə birlikdə öz doğma evinə köçənlərdən biri də rayon sakini Xəlil Vəliyevdir. Təəssüratlarını bölüşən X.Vəliyev bu gün Xocalı şəhidlərinin ruhlarının da dinclik tapdığına əmin olduğunu dedi: “Xocalı işğal olunan gün atam, qardaşım, qardaşının 3 yaşlı uşağı girov götürüldü, atamın bacısı şəhid oldu. O faciəni heç zaman unutmaq olmaz. Bu mənada duyğularım da qarışıqdır. Ancaq əminəm ki, bu gün əsl sahiblərinin Xocalıya qayıdışı ilə şəhidlərimizin ruhları rahatlıq tapır. Bu duyğu bizə təsəlli verir, bütün bunlar illər boyu yaşadığımız ağrılarımıza da məlhəmdir.”

X.Vəliyev onu bildirdi ki, Xocalıya qayıdarkən bütün yol boyu dualar edirdim: “Allahdan şəhidlərimizə rəhmət diləyirdim. Ulu Tanrı Müzəffər Ali Baş Komandanımıza cansağlığı, uzun ömür versin. Dua edirdim ki, Allah xalqımızın birliyini heç zaman pozmasın. Çünki bizim böyük qələbələrimizi şərtləndirən ən vacib amillərdən biri də xalqın öz Prezidentinin ətrafında yumruq kimi birləşməsi olub.”

Doğma sakinlərinin Xocalıya qayıdışı təkcə onların deyil, hamımızın sevinci, fərəhidir. Bu günlər şanlı Zəfər tariximizin növbəti qızıl hərflərlə yazılmış səhifələrinə çevriləcək. Gözün aydın, Vətən! Gözün aydın, Xocalı, biz qayıtdıq!

Mahir Rəsuloğlu, “İki sahil”

Daha çox xəbərlər