Gündəm 

Tarixi ədalətin bərpası

Prezident İlham Əliyev: Biz nəinki torpaqlarımızı azad edirik, həmçinin regionu erməni faşizmindən təmizləyirik. Azərbaycan artıq yeni reallıq yaratmışdır. Bu reallıqla barışmayanlar özlərindən küssün!

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir. Heç şübhəsiz, bu şanlı tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq!

Haqq yerini tapdı…

Müzəffər Ali Baş Komandanın 30 ilə yaxın Ermənistan işğalı altında qalan torpaqlarımızı azad etməsi onun böyük sərkərdəlik bacarığının, qətiyyətinin, məğlubedilməzliyinin göstəricisidir:

Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi, bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb etdi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu cəmi 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizi geri qaytardı və bununla da işğala son qoyuldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək Zəfər tariximizi yazdıq. Artıq işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə aparılır. İllərdir yurd-yuva həsrəti ilə yaşayan insanlar öz yaşadıqları doğma yerlərinə mərhələli şəkildə dönürlər.

Proqramik düşüncə, uzaqgörənlik, uğurlu daxili və xarici siyasət, biz qalibik mesajını verirdi

Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət etdi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Ali Baş Komandanımızın və Rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız uzun illərdən sonra artıq dördüncü ildir ki, 28 May Müstəqillik  Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə qeyd edir.

“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”

Azərbaycan tarixin müxtəlif dönəmlərində iztirablara, işğallara məruz qalıb. Ancaq bu gün qürur hissi ilə deyirik ki, biz azadıq, müstəqilik. İşğala son qoyan dövlətik. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” söyləməsi erməni təxribatlarına cavab üçün əlverişli vaxtın düzgün seçilməsində təsdiqini tapdı. Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı cavab olaraq hərbi əməliyyatlara başladı və 44 günlük Vətən müharibəsində Qələbə qazanmaqla 30 ilə yaxın işğala son qoydu. Bu möhtəşəm Qələbə ilə Azərbaycan xalqı işğala məruz qalmış xalqdan qalib xalqa çevrildi.

Azərbaycanın hərb tarixinin şərəfli, parlaq səhifəsi

Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitində həyata keçirilən Şuşanın ermənilərdən təmizlənməsi əməliyyatı Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazıldı. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun modernləşdirilməsi prosesinə imza atması Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin nəticəsidir. Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması faktı bunun konkret ifadəsidir.

Xislətindən uzaqlaşmaq istəməyən erməni “ideologiya”sı darmadağın edildi…

Və 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir, odur ki, antiterror tədbirləri qaçılmaz etdi. Təsadüfi deyil ki, hələ sentyabr ayında keçirilmiş və 23 saat davam edən antiterror tədbirləri nəticəsində Qarabağda separatizminin kökü bir dəfəlik kəsildi, Azərbaycan özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Beləliklə, uğurlu antiterror əməliyyatı çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Azərbaycan Ordusunun gücü düşməni ağ bayraq qaldırmağa məcbur etdi. Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş barədə razılıq əldə olundu. Azərbaycan dövlətinin düzgün, qətiyyətli siyasəti, Azərbaycan Ordusunun gücü yenidən möhtəşəm tarix yazdı!..

Xankəndi istiqamətinə uzanan Dəmir Yumruq!

Bir nüansı xüsusi qeyd etmək lazımdır ki, Xankəndidə üç rəngli bayrağımızın dalğalanması Zəfər tariximizin ən şanlı səhifələrindən biridir. Xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan və onları müşayiət edən heyət Şuşa şəhərində gəzərkən tərəflər arasında maraqlı dialoq baş tutmuşdur. Görüntülərdə ölkə başçısı İlham Əliyev Xankəndi şəhərini göstərir və “Orda da olacağıq” – deyə Ərdoğana bildirir. Təbii ki, burada bir əzmkarlıq nümayiş etdirir. Və Azərbaycanı istəməyən şər qüvvələrə yerinizdə “oturun” mesajını verir

Səbir, inad və qətiyyət

Bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına dəstək olacağıq deyib, öz sülhməramlı kontingentini Qarabağ ərazisində yerləşdirən rusların nə zaman bölgəmizdən çıxıb gedəcəyi məsələləri insanlarımızı düşündürürdü. Və təbii ki, burada cənab prezident İlham Əliyev nəyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilirdi. Təsadüfi deyil ki, bütün tələlərə, Azərbaycanı Rusiyaya qarşı ikinci cəbhəyə çevirmək cəhdlərinə baxmayaraq, İlham Əliyev səbirlə, inad və qətiyyətlə Türkiyə ilə koordinasiyalı şəkildə və Moskva ilə münasibətlərdə balansı qoruyaraq prosesin tam formalaşmasını gözlədi və nəticədə rus sülhməramlılar ölkəni tərk etməyə başladı. Eyni zamanda baş verən siyasi proseslər həm də Ermənistan siyasətinin iflasının təzahürü kimi qiymətləndirilir.

“Mənim evim mənim qalamdır”

Və bununla da 2023-cü il 15 oktyabr tarixində dövlət başçımızın Xankəndidə ucaltdığı bayraq xalqımızın iradəsini, dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident cənab İlham Əliyevin dediyi kimi, müstəqillik yolunda Azərbaycanın inkişafı davamlı, uğurlu və dövlət müstəqilliyi əbədi olacaq!

Və sonda ….Azərbaycanda bir bayram ab-havası yaşanır, Ermənistanda isə xaos, qarşıdurmalar hər dəqiqə artır. Süqutu heç də uzaqda olmayan bir çöküş…Və ondan qat-qat ucalarda dalğalanan üçrəngli bayrağımız! Azərbaycanımız, Qarabağımız qürur hissimiz…

Qalib Qafarlı,

İqtisad üzrə fəlsəfə doktoru

Daha çox xəbərlər