Humanizm ideyalarına sadiqlik
Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin təməli isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayıb. Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb.
Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb. Bu qurum 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə, 1995-2003-cü illərdə Ümumilli Lider tərəfindən 7 amnistiya aktınin və 32 əfv Fərmanının imzalanması mühüm əhəmiyyətə malikdir. Ümummilli Lider tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyuldu. 1998-ci il fevralın 10-da isə Azərbaycanda ölüm cəzası ləğv edildi və bununla da Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşdü. Bu tarixi addım humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ümummilli Lider bildirdi: “Mən, cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”.
Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətində humanizm ənənəsi sonrakı mərhələdə də eyni ardıcıllıqla davam etdirilib. Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirən, onun hüquqi-insanpərvər ənənələrini ləyaqətlə davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında səmərəli fəaliyyət göstərməsini daim diqqətdə saxlayıb. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib.
Prezident İlham Əliyev sonuncu dəfə müstəqilliyimizin 106-cı ildönümü ərəfəsində – mayın 25-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” növbəti Sərəncam imzalayıb. Sərəncamın icrası müvafiq qurumlar tərəfindən operativ qaydada təmin edilib. Prezident İlham Əliyevin imzaladığı son əfv Sərəncamı sayca 70-cidir. Sərəncamla ümumilikdə 154 nəfər əfv edilib.
Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub, 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb. Əfv olunan şəxslər arasında xarici ölkə vətəndaşları və qadınlar da var. Belə ki, Sərəncama əsasən, 8 əcnəbi vətəndaş əfv edilib. Onlardan 5-i Əfqanıstan, 2-si Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.
Beləliklə, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da dövlət başçımızın artıq illərdir davam etdirdiyi humanizm siyasətinin növbəti parlaq nümunəsidir.
Nigar Orucova, “İki sahil”

