Cəmiyyət 

Ceyhun Səfər AzTV-də işə başladı

Tanınmış aparıcı Ceyhun Səfər fəaliyyətini Azərbaycan Televiziyasında (AzTV) davam etdirəcək.

ARANTV.AZ xəbər verir ki, o bu barədə sosial media hesabında bildirib. Aparıcı ötən gündən telekanalın əsas xəbər buraxılışını təqdim edir. O, eyni zamanda “Azvirt” MMC-də də baş direktorun müşaviri vəzifəsində çalışmağa davam etdiyini vurğulayıb:

“Bəli, mən artıq ölkəmizin böyük televiziya və radio məktəbi olan AZTV-də işə başladım. Bu, mənim üçün həm çox sevindirici, həm də məsuliyyətlidir. Çünki nəzərə alsaq ki, bu televiziyada nə qədər istedadlı, peşəkar insanlar, korifeylər çalışıb, onlardan sonra davam demək, bu, özü sözlə ifadə olunmayacaq qədər məsuliyyətdir. Mən bu məqamda yolunu AZTV-dən salmış və hazırda da öz ahıl çağlarını yaşayan bütün televiziya işçilərinə can sağlığı arzulayıram, dünyasını dəyişənlərə isə rəhmət diləyirəm.
Digər tərəfdən, hazırda günü-gündən inkişaf edən, peşəkar komandası ilə həm ölkə gündəmi, həm də dünyanın istənilən nöqtəsindən operativ məlumatların təqdimatı ilə fərqlənən AZTV-də yeni yola başlamaq məncə yalnız uğur gətirə bilər. Mənə göstərilən etimada görə AZTV rəhbərliyinə minnətdaram.
Fürsətdən istifadə edərək, dünəndən xəbəri paylaşan bəzi informasiya saytlarına təşəkkürümü bildirirəm və eyni zamanda qeyd etmək istərdim ki, mən ölkəmizin yol təsərrüfatının tanınmış şirkəti olan Azvirt MMC-də də Baş Direktorun müşaviri olaraq əmək fəaliyyətimi davam etdirirəm.”

Qeyd edək ki, C. Səfər buna qədər ATV, “Space” və “Baku TV”də çalışıb.

Daha çox xəbərlər