Gündəm 

ABŞ ölkəmizi Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu hesab edir

Ağ evin sahibi Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişini dəstəkləyir

Bu həftə paytaxtımızda  keçirilən Bakı Enerji Həftəsi  bir daha göstərdi ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol malikdir. Həmin beynəlxalq tədbirdə 37 ölkədən 300-dək şirkətin iştirak etməsi də bu gerçəkliyin təyani təzahürüdür.

Məhz təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu neft və enerji siyasəti, bu siyasətin çağdaş dövrdə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi Azərbaycanın qüdrətlənməsinə və davamlı inkişafına yeni imkanlar yaratdı.  Dövlətimizin enerji təhlükəsizliyi sahəsində yürütdüyü siyasət həm də milli təhlükəsizliyimizin  ayrılmaz hissəsinə çevrilib. Ölkəmiz hazırda Avropanın altı ölkəsini qazla təmin edir və bu say növbəti illərdə artacaq. 2024-cü ildə qaz ixracının həcminin daha artırılaraq  24 milyard kubmetrdən çox olacağı proqnozlaşıdırılır.

Eyni zamanda, əgər indiyədək Azərbaycan Avropanı neft və qazla təmin etməklə enerji təhlükəsizliyində rol oynayırdısa, bundan sonrakı mərhələdə isə  alternativ və bərpaolunan enerji vasitəsi ilə bu rolunu davam etdirəcək. Ölkəmiz həm də qazıntı yanacağından alternativ və bərpaolunan enerjiyə transformasiyanı qarşıya prioritet məsələ kimi qoyub. Bununla da Azərbaycan alternativ və bərpa olunan enerjiyə keçidlə qlobal iqlim dəyişikliyinə öz töhfəsini verməyi planlaşdırır. Artıq bu sahədə ilkin uğurlu addımlar atılıb. Belə ki, ölkəmiz  bu sahəyə dünyada tanınmış ciddi xarici investorlar cəlb edə bilib. Məsələn, Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) «Masdar» şirkəti ilə imzalanan sazişə əsasən Azərbaycanda  üç günəş və külək enerjisi elektrik stansiyaları tikiləcək. Bunu da təbii ki, qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasının aktiv fazası hesab etmək olar. Sözügedən şirkətlə imzalanan müqaviləyə əsasən, bərpaolunan enerjinin həcmini  2027-ci ilədək 2 qiqavata çatdırmaq nəzərdə tutulur.  Amma bu, başlanğıcdır. Növbəti mərhələdə bunu daha da artırmaq imkanları mövcuddur və bu isiqamətdə planlar hazırlanır.

Bakı Enerji Həftəsi bütün parametrlərinə görə beynəlxalq əhəmiyyət kəsb edən toplantıdır. Belə ki, məhz nüfuzlu dövlətlərin rəhbərlərinin dövlət başçımızın ünvanına təbrik məktubları göndəriblər.  Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə göndərdiyi məktubunda Bakı Enerji Həftəsini COP29-a ev sahibliyi edəcək Azərbaycana beynəlxalq səviyyədə göstərilən etimad kimi yüksək dəyərləndirir: «Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər.» Bölgədə sabitliyi və dövlətlərarası əlaqələri regional əhəhmiyyətli məsələ adlandıran ABŞ Prezidenti Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişini dəstəklədiyini bildirib. ABŞ Prezidenti bu addımı Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək əhəmiyyətli təşəbbüs , sülh və firavanlığın təmin edilməsinin əsas prinsipləri, gələcək nəsillərə etibarlı əmanət, borc adlandırır: «Mən möhkəm ikitərəfli əlaqələrimizə yeni təkan vermək imkanını alqışlayıram və COP29 tədbirinin uğurla keçirilməsi üçün qarşıdakı aylarda birgə əməkdaşlıq etmək arzusundayam. Bakı Enerji Həftəsinin uğurla keçməsini diləyirəm.»

ABŞ Prezidentinin qısa müddətdə azərbaycanlı həmkarı İlham Əliyevə iki təbrik məktubu göndərməsi Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etməsini göstərir. Yəni, ABŞ Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqları dəstəkləyir, ölkəmizin NATO ilə qarşılıqlı fəaliyyətini strateji perspektiv baxımından Vaşinqtonun maraqlarına uyğun hesab edir. Azərbaycanın regiondakı strateji maraqlarını əks etdirən bərpaolunan enerji potensialını artırmaq səyləri ABŞ- Azərbaycan münasibətlərinin yeni səhifəsi kimi dəstəklənir.

Xüsusi vurğulamaq lazımdır ki, bütövlükdə bu beynəlxalq tədbir Azərbaycanın növbəti onilliklərdə qarşısında duran hədəflərə nail olmasında mühüi rol oynayacaq. Xüsusilə açılan bu yeni səhifə Azərbaycanın dünyadakı mövqelərini daha da möhkəmləndirəcək, onun qarşısına qoyduğu ciddi  hədəflərə çatmasına imkanlar yaradacaq.

Elçin Zaman, «İki sahil»

Daha çox xəbərlər