Region Xəbərləri 

Neft siyasətinin məntiqi nəticəsi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Hər bir beynəlxalq əhəmiyyətli tədbir ev sahibliyi edən, eyni zamanda, iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Nəzərə alsaq ki, Azərbaycan beynəlxalq tədbirlər üçün ideal mərkəzdir, bu halda ölkəmizin hər bir uğuru, atdığı addım  bu tədbirlərin əsas müzakirə mövzusu olur. Diqqət çəkən məqam Azərbaycanın inkişaf modelinin bu tədbirlərdə daha çox diqqətdə olması və təqdir edilməsidir. Təbii ki, bu uğurlarımız dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir.

İyunun 4-6 tarixlərində dünyanın diqqəti yenidən Azərbaycana yönəldi. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak etdi. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfə tədbirə qatıldılar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yeniləndi. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarına məxsus idi. Bu il Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf etdi. Belə ki, bu il  ölkəmizin  neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasının 30 ili tamam olur.  Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapdı. “Əsrin müqaviləsi” Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın energetika strategiyasının əsas istiqamətini müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən təməl hesab edilir. Eyni zamanda, bu il Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin təsis edilməsindən 30 il keçir. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin dövrdən etibarən “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib. Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır.  Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf etdi.  Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında yer aldı.

Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında bildirdi ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini – neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.  Otuz il bundan əvvəl Azərbaycan başqa bir ölkə idi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Adambaşına düşən məcburi köçkünlərin sayına görə Azərbaycan bəlkə də dünyada birinci yerdə idi. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. 1993-cü ilin vətəndaş müharibəsi ölkəni uçuruma aparırdı. Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir.  Müstəqilliyin ilk illəri böyük bir enerji böhranı ilə müşayiət olundu. Həmin dövrdə yaşananlara iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə etmək olar. Elektrik enerjisi və təbii qaz qıtlığı var idi. 1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin  tarixində yeni səhifə açdı.

Bu gün böyük fəxr hissi ilə Azərbaycanın beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanmasından bəhs edirik. Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi sırasında qərarlaşıb. Ölkəmizdə həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar davamlı uğurlara yol açır ki, bu da öz növbəsində Azərbaycanın hər bir çətinliyi uğurla dəf etməsində öz sözünü deyir. Bütün bunların təməlində Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır.

Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə yeni dostlar və tərəfdaşlar qazanır, birgə qəbul edilən qərarlar, göstərilən səylər nəticəsində hər bir layihəni uğurlu sonluqla başa çatdırır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana qarşıdakı illərdə daha möhtəşəm uğurlar qazandıracaq. Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş rayonlarda geniş miqyas alan bərpa-quruculuq işləri də iqtisadi imkanlarımızın təqdimatıdır. Sıfırdan başlanan bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycan hər bir yeniliyin bərpa işlərində öz əksini tapmasına səy göstərir.

Ölkəmiz yeniliklərə, təkmilləşməyə daim maraq göstərir. Yeni texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verən ölkəmiz kosmik klubun üzvüdür. Azərbaycanın bütün sahələrdə davamlı inkişafı, təqdim etdiyi təcrübə dünyanın diqqətindədir.

2003-cü ildən qarşıya əsas hədəf kimi qoyulan iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması çağırışı da neft siyasətinin məntiqi davamıdır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim diqqəti bu məsələyə də yönəldir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətlərimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, müstəqil dövlət qurmuşuq.

Bugünümüzün reallıqları bir daha təsdiqləyir ki, Azərbaycanın iştirakı olmadan  regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Möhkəm təməl gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Azərbaycan hər dövrün çağırışını yüksək səviyyədə yerinə yetirir. Hazırkı dövrdə iqlim dəyişikliyinin yaratdığı problemlərə qarşı həmrəyliyin gücləndirilməsi əsas çağırışlar sırasındadır. Azərbaycanın bu məsələnin həllinə töhfələri göz qabağındadır. Bunun bariz nümunəsi ölkəmizin bu il COP29-a ev sahibliyidir. Belə bir mötəbər tədbir ərəfəsində enerji sektoru nümayəndələrinin  Azərbaycanda bir araya gələrək günümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparmaları, ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrin diqqətə çatdırılması təqdirəlayiqdir. Cənab İlham Əliyev sözügedən tədbirdəki çıxışında belə bir əminliyi də ifadə etdi ki, bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir və  budəfəki Bakı Enerji Həftəsində mühüm nəticələr əldə ediləcək.

Daha çox xəbərlər