Ünvanlı sosial yardımın təyinatında önəmli dəyişikliklər
Artıq bürokratik əngəllər aradan qaldırılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı dövlət sosial yardımın təyinatında önəmli dəyişikliklər olub. Bu addım ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılmasına daha geniş şərait yaradacaq. Belə ki, nazirliyin «Ünvanlı yardım» elektron sistemi yenidən qurulub. Bununla da yardımın təyin edilməsindəki bəzi çatışmazlıqlar və bürokratik əngəllər aradan qaldırılmış olacaq.
Yeni yaradılan sistemə görə, ünvanlı yardım üçün müraciət edən şəxslərdən əvvəlki qaydalardan fərqli olaraq bir çox məlumatların qeyd edilməsi tələb olunmayacaq. Bunlar aşağıdakılardır. Ailə üzvlərinin pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, əmək haqqı üzrə gəlirlər, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri və xərcləri,- sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması, əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi, özünüməşğulluq proqramı üzrə müqavilənin olması… Bura, həmçinin üç yaşadək uşağa qulluq etməsi, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması da aiddir.
Dəyişikliyə görə, həmin informasiyalar artıq vətəndaşdan deyil, müvafiq qurumların informasiya-baza sistemlərindən əldə olunacaq. Yardımla bağlı müraciət edən şəxsə müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş etmək imkanı da yaradılıb. Eyni zamanda, müraciət edən ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. «Ərizə-bəyannamə»də düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılacaq. Yəni indiyə qədər yardım üçün müraciət edən şəxs bu məlumatları təqdim edərkən adi texniki səhvə yol verərdisə, ƏƏSM-in köhnə sistemi onu müraciət etmək hüququndan məhrum edirdi.
Təbii ki, vətəndaşların rahatlığını, rifahını təmin edən addımlar müsbət qiymətləndirilməlidir. Yəni, bundan sonra sosial yardım üçün müraciət edən ailələr bürokratik əngəllərlə, o cümlədən lüzümsuz sorğu və suallarla üzləşməyəcəklər. Ümumiyyətlə, Azərbaycan dövlətinin sürətli iqtisadi inkişafı və ölkə idarəetməsindəki innovativ metodlar imkan verir ki, vətəndaşların sosial durumu, səhhəti ilə bağlı məlumatlar tamamilə eletronlaşdırılsın. Yəni, ölkə vətəndaşının bütün məlumatlarının (işi, sağmalığı, yerdəyişməsi, sosial öhdəlikləri və s.) toplandığı elektron hökumət ən mükəmməl səviyyədə qurulsun. Bu isə bir çox aktif fəaliyyətlərin , o cümlədən sosial siyasətin icra olunmasında mühüm istinad nöqtəsi olmalıdır. Məsələn, hansısa ölkə vətəndaşı işini itirirsə ƏƏSMN-in məşğulluq deparatamenti onu diqqətə almaqla uçota götürməli və müavinət ödəməlidir. Eyni zamanda, vətəndaş ağır xəstəlik səbəbindən sağlamlığını, əmək qabiliyyətini itirirsə, dərhal sosial qurumlar onu nəzarətə götürüb müavinətlə təmin etməlidir ki onlar əllərində güclə topladıqları sənədlərlə dövlət qurumlarının qapısında sürünməsinlər. Artıq insanların yaş pensiyası ilə bağlı bu önəmli proses bir neçə ildir ki, tətibiq olunur. Nəticədə pensiya yaşı tamam olan vətəndaş daha sənəd toplamaqla məşğul olmur. Əvəzində ƏƏSMN-in elektron sistemində vətəndaşın avtomatik pensiya təminatı aparılır. Əvvəldə qeyd etdiyimiz kimi, ölkəmizin çağdaş inkişafı bu sahədə də elektronlaşmanın tətbiqinə geniş imkanlar yaradır. Yetər ki, istək olsun…
Sonda məmnunluqla vurğulamaq olar ki, elektrornlaşma sahəsində Azərbaycan dövlətinin böyük təcrübəsi var. Belə ki, «ASAN xidmət» artıq bütün dünyada şəffaflığına və operativliyinə görə, bir Azərbaycan brendinə çevrilib.
Elçin Zaman, «İki sahil»

