Siyasət 

Xocalıda şanlı tarix yazıldı: Separatçıları kədərə boğacaq kadrlar!

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatı imzalaması ilə II Qarabağ müharibəsi başa çatdı. Ancaq bu tarixi bəyanat həm də Azərbaycanın Qarabağ bölgəsinə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə yadda qaldı.

Əldə olunmuş razılaşmaya əsasən Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində beş il müddətinə yerləşdirilmişdi, ancaq sözügedən müddətin başa çatmasına ən azı altı ay qalmış tərəflərdən heç birinin narazılığını ifadə etmədiyi təqdirdə bu müddət avtomatik olaraq daha beş il artırılmalı idi.

10 noyabr 2020-ci ildə Rusiya ordusunun Mərkəzi Hərbi Dairəsinin 15-ci əlahiddə motoatıcı briqadasının bölmələrindən ibarət sülhməramlı kontingentin şəxsi heyətinin bölgəyə çatdırılması üçün Ulyanovsk-Vostoçnıy aerodromundan ilk İl-76 təyyarələri havaya qaldırılır. Noyabrın 11-də Laçın ərazisində sülhməramlıların ilk müvəqqəti postları qurulur.

Noyabrın 12-də Rusiya sülhməramlıları Xankəndiyə daxil olublar və kontingentin ilk qərargahı məhz burada yaradılıb. Bəyanatın imzalanmasından keçən üç sutka ərzində ümumilikdə 73 uçuş təşkil edilib və 1103 sülhməramlı və 168 ədəd texnika bölgəyə gətirilib.

Ümumilikdə isə 10 noyabr bəyanatına əsasən atıcı silahlarla təchiz olunmuş 1960 hərbçi, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika, 4 Mi-8 və 4 Mi-24 helikopteri, yeddi pilotsuz uçuş aparatı bölgəyə cəlb edilib.

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının ilk komandanı general-leytenant Rüstəm Muradov təyin olunub. Rüstəm Muradov 2021-ci ilin 9 sentyabrına qədər bu vəzifəni icra edir.

Sülhməramlıların digər komandanları və fəaliyyət müddətləri isə aşağıdakı kimidir:

9 sentyabr 2021 – 25 sentyabr 2021 – general-mayor Mixail Kosobokov

25 sentyabr 2021 – 11 yanvar 2022 – general-leytenant Gennadi Anaşkin

11 yanvar 2022 – 25 aprel 2023 general-mayor Andrey Volkov

25 aprel 2023 – 3 sentyabr 2023 – general-polkovnik Aleksandr Lentsov

3 sentyabr 2023 – 12 iyun 2024 – general-mayor Kirill Kulakov.

19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurulub. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatıb. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim olublar. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstəriblər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyulub.

Bu tarixdən etibarən Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının mövcudluğu formal xarakter daşımağa başlayıb. Artıq 2023-cü ilin payızında Rusiya sülhməramlıları keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə məntəqələrini sökməyə başlayıblar.

2024-cü ilin aprelin 16-da isə sülhməramlıların bölgədən çıxarılması ilə bağlı xəbərlər mediada yayılıb. Aprelin 17-də Kremlin mətbuat katibi Dmitri Peskov faktı təsdiqləyib.

Vətən müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına görə, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.

Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsindən sonra sülhməramlıların qərargahının yerləşdiyi Xocalı hava limanında Azərbaycan bayrağı dalğalandırılıb.

“Rusiya ordusu daxil olduğu ərazilərdən heç vaxt çıxmır” kimi fikirlərin hökm sürdüyü bir geosiyasi şəraitdə Azərbaycan növbəti dəfə öz regionunda söz sahibi olduğunu hər kəsə sübut etdi. Sülhməramlı kontingentin vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etməsi ölkəmizin yürütdüyü uğurlu siyasətin növbəti təzahürüdür. Prezident İlham Əliyevin liderliyində ərazi bütövlüyümüzün bərpası və torpaqlarımızda separatçılığa son qoyulması sülhməramlı kontingentin bölgəni tərk etməsini şərtləndirirdi. Yekun olaraq qeyd etmək olar ki, bu hadisə müstəqil Azərbaycanın tarixinə növbəti şanlı zəfər kimi düşüb.

 

 

Daha çox xəbərlər