Cəmiyyət 

Qurban bayramı ilə bağlı MÜHÜM YAZI- Qiymətlər…

Qurban bayramına cəmi 3 gün qalır. Rəsmi açıqlamaya görə, bayram namazı 16 iyunda qılınacaq. 

Müqəddəs bayramla əlaqədar hazırlıq işləri də görülməkdədir, yəni kəsim yerləri müəyyən olunub, heyvan satışı məntəqələrinin ünvanı bildirilir və s.

Ancaq eyni zamanda insanları narahat edən amil müqəddəs bayram ərəfəsində qurbanlıq heyvanların, ətin qiymətinin bahalaşmasıdır. Məsələn, hazırda bazarda 15-20 kiloqramlıq qurbanlıq quzu ətinin qiyməti 19-20 manat arasında dəyişir. 10 kiloqramlıq quzu ətinin isə qiyməti bəzi yerlədə 22 manata qədər yüksəlir.

Həmçinin bəzi ərzaq məhsulları da bu günlərdə bahalaşıb. Bunu daha çox tələbatın artması ilə əlaqələndirirlər.

Ancaq ortada Türkiyə nümunəsi var: Qardaş ölkədə Qurban bayramı sözün əsl mənasında öz fəlsəfəsinə uyğun icra olunur. Yəni orada Qurban bayramından daha çox kasıblar sevinir. Həm varlılar heyvanı kəsib özü yemir, kasıblara da paylayır, eyni zamanda böyük şirkətlər ciddi xeyriyyə, endirim kampaniyaları həyata keçirirlər.

Bəs bizdə bu ənənə niyə formalaşmır, əksi baş verir?

Fazil Mustafa Milli Məclis komitəsinin sədri seçilib

Fazil Mustafa: “Qiymət tənzimlənməsinə qarışmaq bir qədər mürəkkəb məsələdir, sadəcə, tövsiyələr oluna bilər ki…”

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Azərbaycanda da Qurban bayramı qeyd olunur və imkanı çatan insanların qurban kəsməsi vacib sayılır. Heç kim qurbanlıq heyvanı baha qiymətə satıb, buradan gəlir götürməyə çox da maraqlı olmamalıdır. Görünür, qiymətlərlə bağlı heyvan saxlayanların özlərinin də ciddi problemi var. Ona görə də qiyməti qaldırmaqla müəyyən mənada buradan çıxış yolu axtarırlar.

Lakin qeyd etdiyim kimi, imkanı çatan adam qurban kəsməlidir. İmkansızın qurban kəsməsi, imkansızın Həccə getməsinə bənzəyir. Yəni imkanı çatmırsa hansı formada iştirak etmək o qədər də vacib sayılmır. Kimin imkanı varsa bu işi görür.

İmkanı olanlar da məbləğə baxmayaraq heyvan alıb, kəsir və yoxsul insanlara paylayır. Bu baxımdan qiymət tənzimlənməsinə qarışmaq bir qədər mürəkkəb məsələdir. Sadəcə, müraciətlər, tövsiyələr oluna bilər ki, bu məsələdə bir qədər insaflı olun, çox da baha satmayın. Bəlkə bunun təsiri ola bilər”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Bu işləri dövlət tənzimləməlidir, bunu din və ya əxlaqi söhbətlərlə həll etmək mümkün deyil”

Dini mövzular üzrə ekspert Kənan Rövşənoğlu isə qeyd edib ki, bu məsələ məhz dövlət tərəfindən təzimlənməlidir: “Bu, bizdə ümumi tendensiyadır. Adətən bayramlarda, xüsusi zamanlarda möhtəkirlər qabağa düşür və insanların tələbatını nəzərə alıb qiymətləri bahalaşdırır. Bu işləri dövlət tənzimləməlidir, bunu din və ya əxlaqi söhbətlərlə tənzimləmək mümkün deyil. Çünki hamı dindar deyil, əhalinin böyük əksəriyyəti formal müsəlmandır. Üstəlik, məsələ pul olanda çoxları üçün inanc arxa plana keçir. Buna görə də bu işləri tarix boyu dövlətlər tənzimləyib. Bizdə isə müvafiq dövlət qurumları hər dəfə hansısa işlər görüldüyü haqda açıqlama, bəyanat verir, amma ortaya ciddi nəticə çıxmır”.

Natiq Cəfərli: Büdcənin neft-qaz gəlirlərindən asılılığı yüksəkdir

Natiq Cəfərli: “Qardaş ölkədə insanlar bu bayramın xeyriyyə işi, savab olduğuna inanır, bizdə isə…”

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib: “Türkiyədə Qurban bayramı ilə bağlı yüz illiklərə dayanan, Osmanlı imperiyasından bu yana tarixi ənənələr var. Həmçinin Türkiyədə bu bayramla bağlı xeyriyyə qurumları, hətta qurbanlıq sertifikatı anlayışı var. Belə ki, insanlar inandıqları xeyriyyə qurumlarına pul köçürür, qurumlar da onların adına qurban kəsir kasıblara, ehtiyacı olanlara paylayır. Hətta elə xeyriyyə qurumları var ki, onlar 18-19-cu əsrlərdən fəaliyyət göstərir, insanların inamını, güvənini qazanıblar.

Buna görə də Türkiyədə insanlar bu bayramın xeyriyyə işi, savab olduğuna inanır, qiymətlərdə endirimlər edilir, bununla bağlı müxtəlif xeyriyyə marafonları, aksiyalar keçirilir.

Azərbaycanda isə belə bir ənənə yoxdur. Sovet dövründə isə ümumiyyətlə, dindən xeyli aralı düşmüşdük, bu bayramın keçirilmə ənənəsi itmişdi. Müstəqillik dövründə isə çox təəssüf ki, yeni ənənələr yaranmadı. Ona görə də bizdə belə məqamlarda adi tələb və təklif qanunları işləyir. Yəni qurbanlıq qoyuna, ətə tələbat artan kimi qiymət də yüksəlir”.

Daha çox xəbərlər