Cəmiyyət 

İnsanın hissləri qanunla necə tənzimlənə bilər?

“Keçmişdən bu günə kimi qohum evliliyi öz acı nəticələri ilə ailələrin göz yaşına, kədərinə çevrilib. Bu izdivaca girənlərin əksəriyyəti gözləri qarşısında qüsurlu, xəstə uşaqların əziyyət çəkdiyini görüblər. Lakin təəssüf ki, bütün bunlardan əsla nəticə çıxarılmayıb, uşaqların nə səbəbdən sağlam doğulmadığının fərqinə varan olmayıb. Ənənə, həm də mənfi ənənə şəklini alan qohum evliliyi zaman-zaman xəstə uşaqların dünyaya gəlməsi də davam edib”.

Bu sözləri BiG.AZ-A sosioloq Mətanət Məmmədova deyib.

O bildirib ki , bəzən sual oluna bilər ki, bəs insanın hissləri qanunla necə tənzimlənə bilər? Yəni qohum gənclər bir-birilərini sevərlərsə, qanun buna qarşı çıxmış olur. Burada yenə də biz yanlışıq. Çünki əvvəldən səhv etmişik. Baxmayaraq ki, “Quran-i Kərim” kimi müqəddəs kitabımız da qohum evliliyinə “yox” deyib, lakin biz buna məhəl qoymayıb qızımızı qardaşımızın oğlu, oğlumuzu əmisinin qızı ilə evləndirmişik. Bu məsələnin təməlində valideynlər dayanır.

“Onlar bu təməli qoymasaydı, övladları yaxın qohumuna evlənəcəyi adam kimi baxmazdı. Bu gün əksər gənc oğlan-qıza təklif edəndə ki, xalanın qızı, bibinin qızı, əminin oğlu ilə ailə qur, cavabları bu olur ki, o mənim bacımdır, o mənim qardaşımdır. Beləliklə, bu qənaətə gəlmək olar ki, övladlarımız bu məsələdə bizdən ağıllı, dünyagörüşlüdür. Bu günlərdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən qanun layihəsi təqdim olunub. Ailə Məcəlləsində dəyişikliyin edilməsi ilə bağlı qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər yer alıb. Beləliklə, deyəsən, axır ki, qohum evliliyinə “yox” deyirik. Bu layihə gələcəyimizin qədrini bilən hər kəs tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Ümidvarıq ki, təklif olunan məsələ yaxın gələcəkdə qəbul edilər və bununla da bir yerdə oynayıb böyüyən xala, bibi, dayı, əmi uşaqlarının evliliyinə də, belə izdivaclardan xəstə uşaqların doğulmasına da son qoyular”.

Daha çox xəbərlər