Türk dünyasının birliyi üçün mühüm imkanlar yaranır
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Dövlətimizin başçısı İlham Əliyev iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Astanada səfərdə oldu. Qazaxıstan Prezidentinin dəvəti ilə tədbirə qatılan cənab İlham Əliyev Zirvə görüşündən öncə bir sıra görüşlər keçirdi. Rusiya, Qazaxıstan, Çin, Türkiyə, Pakistan liderləri ilə görüşlərində əlaqələrin bugünkü inkişaf səviyyəsi xüsusi qeyd edildi. Bir mühüm məqam daim önə çəkilir ki, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin hansı mövzunu əhatə etməsindən, hansı ölkənin ev sahibliyindən asılı olmayaraq əsas diqqət Azərbaycana yönəlir. Təbii ki, bu, dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində qazandığı uğurların, dünyaya təqdim etdiyi təkmil inkişaf modelinin nəticəsidir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın bütün sahələrdə, xüsusilə xarici siyasətdə qazandığı uğurlar diqqətdən kənarda qalmır. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirildiyi günümüzün reallıqları sırasındadır.
Beynəlxalq aləmdə tolerantlığın və multikulturalizmin beşiyi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə də humanitar sahələrdə fəal əməkdaşlıq əlaqələri qurub. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə ölkəmiz dünyanı narahat edən ən mühüm humanitar məsələlərin müzakirə olunduğu forum və konfranslara yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycanın bu sahədə qazandığı hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir. Həmçinin dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar təqdim edir. Dövlət başçısı İlham Əliyev Astana Zirvə görüşündəki çıxışında bir daha diqqəti bu məqamlara yönəldərək günümüzün əsas müzakirə mövzularından olan COP29-dan danışdı. Bildirdi ki, təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik.
Cənab İlham Əliyevin bu günlərdə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə də əsas diqqətdə saxladığı məsələlərdən biri COP29 oldu. Vurğuladı ki, COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.
Hazırkı dövrün əsas çağırışlarından biri təbii ki, türk dünyasının birliyinin, həmrəyliyinin güşləndirilməsi, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasıdır. Zirvə görüşündə də türk dövlətlərinin liderləri bu reallığı qeyd etdilər ki, ötən qısa dövrdə üzv ölkələrlə 30-dan çox önəmli sahədə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq qurulub. Qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi zaman tələb edir. Bu baxımdan, Zirvə görüşünün nəqliyyat, qarşılıqlı əlaqələr və iqlim fəaliyyəti vasitəsilə davamlı bir gələcək inşa etmək mövzusunda keçirilməsi böyük önəm daşıyır. Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, imzalanan Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.