“Biblioteka” ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 24, mənzil 1 ünvanında fiziki şəxs Şabanov Nəcməddin Nazim oğluna məxsus “Biblioteka” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılmış videogörüntülər əsasında keçirilən plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırmalar davam edir.







