Azad və müstəqil mediamız üzərinə düşən missiyanı şərəflə yerinə yetirir
Müstəqil mətbuatın inkişafı dövlət siyasətinin prioritetlərindəndir
Müstəqilliyimizin bərpasından ötən 33 ildən artıq dövrə nəzər salsaq Azərbaycanda müstəqil mətbuatın inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu görərik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik” fikirlərinin davamı olaraq Prezident İlham Əliyevin “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm” çağırışı Azərbaycan mətbuatının zəngin yol keçdiyini, hər zaman üzərinə düşdüyü missiyanı şərəflə, obyektib yerinə yetirdiyini təsdiqləyir.
Milli mətbuatının təşəkkül tapmasında əvəzsiz rol
22 iyul- Milli Mətbuat Günüdür. Hər bir bayram tədbiri keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycan mətbuatının inkişaf tarixi bir neçə mərhələyə bölünür. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdi.
Azad mətbuatın inkişafında yeni mərhələ
Azərbaycan mətbuatının inkişafından bəhs edərkən müstəqillik dövrü daha çox diqqətdə olur. Bu reallığı qeyd etməliyik ki, müstəqilliyimizin bərpasının ilk illərində digər sahələrdə olduğu kimi, mətbuatda problemlərlə üz-üzə qalmışdı. Mətbuat azadlığı hər addımda boğulur, jurnalistlərlə təzyiqlərlə üzləşirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra azad mətbuatın da inkişafında yeni mərhələ başladı. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Senzuranın ləğvi azad mətbuatın qarşısında yeni imkanlar açdı. Ümummilli Lider müasir müstəqil Azərbaycanın hərtərəfli inkişafı, bu günü və gələcəyi üçün möhkəm təçəl yaratdı. Ümumilikdə demokratiyanı strateji kursumuzun əsası kimi dəyərləndirərək heç bir qüvvənin bizi bu yoldan döndərə bilməyəcəyini bəyan etdi. Ölkəmizdə demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillərin bərqərar olması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan qısa zamanda demokratiya təcrübəsi ilə dünyanın diqqətində oldu. Azad mətbuatın inkişafı, jurnalist peşəkarlığının artırılması bütün dövrlər üçün aktuallığını qoruyub. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yarandı.
Söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə lider
Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuatın inkişaf səviyyəsində də özünü aydın şəkildə göstərir. Mətbuat azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu gerçəkləşdirir. Azad mətbuatın mövcud olduğu ölkələrdə təbii ki, demokratiya və siyasi plüralizm mühiti yaradılır. Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Təbii ki, mətbuatımız bu reallıqlara sahib olmaq üçün çətin, eyni zamanda, şərəfli yol keçib. Azərbaycanda media üçün yaradılan şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Təbii ki, qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.
Bu gün Azərbaycanın hansı sahədə inkişafından bəhs ediriksə öncə hər birimizi qürurlandıran tarixi Zəfərimizdən bəhs edirik. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdən sonra bütün sahələrdə yeniliklər, təkmilləşmə bir tləbə çevrilib. Çünki yeni reallıqlar yaranıb, bunlar isə öz növbəsində islahatlar prosesinin dərinləşdirilməsinə çağırışlar edir.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, islahatların məntiqi nəticəsi olaraq mətbuatımız daha da saflaşır, təkmilləşir, dəyişməz olan prinsiplərinə söykənərək cəmiyyətin obyektiv informasiya ilə təminatında əhəmiyyətli rol oynayır. Müasir texnologiyalar imkan verir ki, internet jurnalistikasının əhatə dairəsi də genişləndirilsin. Bu gün artıq həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkələr, internet ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bunun üçün hər bir informasiyanın dəqiqləşdirilməsi, mənbəyə əsaslanması mütləqdir. Hələ 2016-cı ildə Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində dövlət başçısı İlham Əliyev bildirmişdir ki, belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Ölkə müasirdir, dinamikdir və gələcək üçün nəhəng potensiala malikdir. Bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik. Bu, hökumətimiz üçün prioritetlərdən biridir və müstəqillik dövründəki nailiyyətlərimiz media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir. Prezident İlham Əliyev bu çağırışı da etmişdir ki, medianın rolu gündən-günə artır və bununla yanaşı, məsuliyyət də artır. Biz bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qarşıdurma yaratdığının şahidi oluruq. Bu səbəbdən əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri dəyərlərin müdafiəsi üçün yeni imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin təşviqində daha ardıcıl və fəal olmaq fürsəti verilmiş olur. Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir: «Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq… Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir”.
Azad medianın tərəfdarıyıq. Doğru məlumata ehtiyac var. Azərbaycanda demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Dövlət başçısı İlham Əliyev bu reallığı hər zaman önə çəkir ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksəkdir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, əksinə demokratik inkişafı ilə seçilir, iqtisadi inkişafı aşağı səviyyədədir. Lakin Azərbaycanda iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafı təmin etməklə yanaşı, Azərbaycanın inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsində stimulverici amilə çevrilib. Dövlət başçısı İlham Əliyev daim xarici ölkələrə səfərləri çərçivəsində, həmçinin xarici mətbuata müsahibələrində ona ünvanlanan “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabında bildirir ki, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrlərdə bu istiqamətdə çox işlər görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 85 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Cənab İlham Əliyev, həmçinin bildirir ki, inkişaf etdirilən istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etməliyik: “Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam. Ona görə ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür və bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.”
Azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir
Yuxarıda da qeyd etdiyimiz kimi, tarixi Zəfərimizdən ötən dörd ilə yaxın dövr hər sahədə olduğu kimi, media sahəsində də yeniliklərin, təkmilləşmənin geniş miqyas alması, Prezident İlham Əliyevin azad mətbuatın inkişafına xidmət edən addımlarının davamlılığı ilə diqqət çəkir. Ulu Öndər Heydər Əliyevin cəmiyyətin güzgüsü kimi dəyərləndirdiyi mətbuatı dövlətimizin başçısı İlham Əliyev hazırkı dövrdə belə səciyyələndirir: “Müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir.” Azad mətbuatın inkişafı daim dövlətimizin siyasətinin əsasını təşkil edir. İmzaladığı Fərman və sərəncamlarla, təsdiqlədiyi qanunlarla jurnalistlərin dostu, mətbuatın böyük hamisi kimi diqqətdə olan Prezident İlham Əliyev mətbuatın inkişafına daha geniş imkanlar açır, söz azadlığını yüksək səviyyədə təmin edir. Dövlətimizin başçısı İlham Əliyev 2021-ci ilin ilk ayında “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı imzaladı. Sənəd bir daha təsdiqlədi ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv, peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatların aparılması zərurətdir. Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu Fərmana uyğun olaraq, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Qurumun qısa dövrdə azad mətbuatın inkişafına yönələn addımları təqdirəlayiqdir. 2022-ci ildə Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafında yeni mərhələ kimi dəyərləndirilən, 9 fəsildən, 78 maddədən ibarət olan “Media haqqında” Qanunu təsdiqlədi.
Dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Sənədə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi isə əlavə dəyər vergisindən azad olunur. Bu mühüm addım media subyektlərinin iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı.
Yeganə Əliyeva, “İki sahil”

