Əsas səhifə 

Fədakar Azərbaycan jurnalisti

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan Respublikasının demokratik inkişaf prinsiplərinə sadiqliyini bariz şəkildə nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Ölkəmizin demokratik inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da təqdir olunur. Cəmiyyət həyatının bütün sahələrində qanunun aliliyi və hüququn üstünlüyü təmin edilib. Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir.

Azərbaycan cəmiyyətində demokratik münasibətlərin təşəkkülü ölkəmizdə azad mətbuatın inkişafı ilə birbaşa əlaqədardır. Çünki azad mətbuat demokratiyanın fundamental şərtlərindən biridir. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi istiqamətində verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə – bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinci”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”.

Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Söz və mətbuat azadlığının təmin olunmasında isə peşəkar jurnalistika olduqca mühüm rola malikdir. Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirən Cənab İlham Əliyev qeyd edir ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Cənab İlham Əliyevin ölkəmizdə söz və mətbuat azadlıqlarının inkişafı istiqamətində həyata keçirdiyi siyasət, dövlət rəhbərinin hətta bəzən söz azadlığından siyasi, yaxud şəxsi məqsədlərlə istifadə etməyə çalışan jurnalistlərə münasibəti humanizm çalarları ilə zəngindir.

Fədakar Azərbaycan jurnalistləri cəmiyyətimizi obyektiv və dəqiq informasiya ilə təmin etmək məqsədilə yorulmadan çalışırlar. Onlar 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin ilk müjdəçisidirlər. Bu gün Azərbaycanda azad mətbuat inkişaf edir və onun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu, sosial sifarişə, ən əsası isə Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Daha çox xəbərlər