Cəmiyyət 

Düz əyrini kəsib və kəsməkdə davam edəcək

Hazırda Azərbaycan növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Belə ki, ölkəmiz parlament seçkilərinin keçirilməsinə hazırlaşır. İyunun 28-də Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamına əsasən, ölkəmizin Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib. Bu, müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tariximizə əbədi həkk olunacaq.

Radikal müxalifət və xaricdəki antimilli ünsürlər seçki prosesi ilə əlaqədar dezinformasiya və qara piar xarakterli kampaniyaları ilə bu tarixi hadisəyə kölğə salmaq məqsədilə əllərindən gələni etməyə çalışırlar. Məsələn, ABŞ-da yaşayan Sevinc Osmanqızı az qala hər gün ağlına nə gəldi danışır. Əvvəla, bu xanım bilməlidir ki, həmin prosesdə  son sözü seçicilər deyirlər.  Yəni, seçici kimi istəsə, o da Milli Məclisin deputatı olacaq. O ki qaldı namizədlərin irəli sürülməsinə… Bu prosesdə mövcud qanunvericiliyin tələbləri əsasında hər kəs iştirak edə bilər. Ona görə də Osmanqızının qarayaxması onun ölkəsinə qarşı nifrətinin ifadəsidir. Görünür, bu prosesdə ağalarının pul kisələri yenə də bu xanımın ağlını başından alıb. Ona görə də Vətən, millət anlayışları onun üçün heç bir əhəmiyyət kəsb etmir.

Elə radikal qrup, o cümlədən Əli Kərimli də ondan geri qalmır. Öz yalanları, böhtanları, qarayaxmaları ilə ad çıxarmış Əli Kərimli bildirir ki, guya  partiyasının seçkini boykot etməsindən hökumət narahatdır. Utanmadan elə yalan danışır ki, iddialarının qarayaxma olduğunu gizlətmək mümkün belə deyil. Əslində narahat olan elə Əli Kərimlinin özüdür. Çünki Əli Kərimli yaxşı dərk edir ki, seçkilərdə iştirak etsə, səs toplaya bilməyəcək. Xalqımız, seçicilər onu yaxşı tanıyır. Seçkidə iştirak edərəsə, bununla da onun xalq arasında nüfuzunun olmaması bir daha təsdiqlənəcək. Onun boykot tamaşasının arxasında dayanan səbəblərdən biri də elə budur. O qədər yalan danışıb ki, öz yalanlarına inanmağa başlayıb. Belə olmasaydı, bu şəxs utanıb-qızarmadan guya AXCP və Milli Şuranın xalq tərəfindən dəstəkləndiyini  iddia etməzdi. Onun anlayışında muzdlu troll dəstəsi xalq deməkdir.  Sivil siyasi mübarizədən yayınaraq ancaq böhtan xarakterli məlumatlar dövriyyəyə buraxmaq ən azı siyasi əxlaqsızlıqdır…

Unutmayaq ki, seçkiləri boykot etmək Əli Kərimlinin artıq şakərinə çevrilib. Əli Kərimlinin seçkilərdən imtinasının, boykot şousunun başqa bir səbəbi də var. Məsələ ondadır ki, bu addımı atdığı üçün ağaları, o cümlədən arxasında erməni diasporunun dayandığı fondlar onun daha firavan yaşaması üçün əllərindən gələni əsirgəməyəcəklər. Ordan nə əmr gəlsə, onu icra edir. Görünən odur ki, elə ömrünün sonuna kimi bu “əqidə” ilə yaşayacaq.  Artıq yetər! Hər seçkiqabağı dövrdə ortaya atdığın uydurmalar ürək bulandırır.  Yeri gəlmişkən ona bir məsələni də xatırladaq.  Bəli, düz əyrini kəsəcək. Həqiqətən da düz əyrini kəsib və kəsməkdə davam edəcək. Çünki xalqa sizin kimi  yolundan azan, anti-Azərbaycan qüvvələrə xidmət edən, Azərbaycanın uğurlarını həzm edə bilməyən, dezinformasiya və qara piar xarakterli kampaniyaları təşkil etməyə cəhd edən əyrilər lazım deyil. Belə əyrilər kəsilməyə məhkumdurlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Daha çox xəbərlər