Siyasət 

Azərbaycan və Rusiya arasında siyasi məsləhətləşmələr aparılıb

İyulun 23-də Moskva şəhərində Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik ediblər.

Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə liderləri arasında qarşılıqlı etimada əsaslanan və ikitərəfli gündəliyi formalaşdıran yüksəksəviyyəli siyasi dialoqun dövlətlər arasında müttəfiqlik qarşılıqlı fəaliyyətin əsasını təşkil etməsi məmnunluqla vurğulanıb.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında, həmçinin, iqtisadi-ticarət, mədəni-humanitar, eləcə də beynəlxalq və regional təşkilatlar və formatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub, ikitərəfli müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr nəzərdən keçirilib.

Həmin gün nazir müavini Samir Şərifov ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında da görüş keçirilib. Görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri, eləcə də hər iki ölkənin iştirak etdiyi regional formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, S.Şərifov ilə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Xəzər dənizi məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov arasında keçirilmiş görüşdə Xəzər məsələləri üzrə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf dinamikası müzakirə olunub.

Daha çox xəbərlər