Siyasət 

“Fransa-2024”: Makron hakimiyyətinin rəzalətinin ifşası

Ümumiyyətlə, siyasəti idmana bulaşdırmaq cəhdləri qətiyyən qəbul edilmir. Ona görə ki, idman dağıdıcı deyil, millətləri və dövlətləri bir-birinə tanıdan,  yaxınlaşdıran  ən yaxşı vasitə hesab olunub. Amma hazırda özü-özünü “demokratiyanın beşiyi” hesab edən,  Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən, Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən, bölgəni özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışan, bu niyyətlə təcavüzkar ölkəni, yəni Ermənistanı öldürücü silahlarla silahlandırmaqda davam edən Makron Fransası bu adi həqiqəti hələ də dərk etmir ki, etmir. Odur ki,  bütün siyasi hikkəsi ilə millətlərarası ədavət toxumu səpir, iğtişaşlar yaradır.

Hətta bu ölkə iyul ayının 26-da rəsmi açılış mərasimi keçirilən XXXIII Yay Olimpiya Oyunlarında da bu ənənəsinə sadiq qaldığını bir daha sübut edib. Belə ki, Olimpiya oyunlarının açılışını göstərən Fransanın “France 2” ictimai televiziya kanalının aparıcısı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirib. Fransa hökumətinin sifarişi ilə atılması şübhə doğurmayan bu addımla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyə və bölgədə gərginliyi qızışdırmağa cəhd edilib.

Xatırladaq ki, kanalın aparıcısı Loran Delaus Sena çayı boyunca bərələrlə üzən komandaların paradı zamanı Ermənistan komandasını təqdim edərkən  deyib: “Ermənistan, bizim erməni dostlarımız; tarixən fransızların qəlbinə yaxın olan ölkə… Keçən il erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə ağır bir il oldu…” Azərbaycanın milli olimpiada komandası keçəndə isə aparıcı Azərbaycanı “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib. Bununla da Makron Fransası Cənubi Qafqazla bağlı ideyalarını alt-üst edən, onun müstəmləkiçilik siyasətinin mahiyyətini dünyaya açıb-göstərən Azərbaycana olan nifrətini, Ermənistana olan “məhəbbət”ini  bir daha nümayiş etdirib. Həm də bununla Fransa antiazərbaycan və islamofobiya siyasətini həyata keçirməkdə israrlı olduğunu ortaya qoyub. Halbuki, tarixən Olimpiya Oyunları zamanı sülhə, müharibə və münaqişələrə son qoyulmasına çağırışlar edilir. Yəni, olimpizmin əsas idealları həmişə Yer planetinin sakinlərinin dinc yanaşı yaşaması, xalqlar arasında hörmət və qarşılıqlı anlaşma, dinc cəmiyyətin yaradılması, insan ləyaqətinin qorunması, şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafı uğrunda mübarizə olur. Paris isə bu olimpiadada buna məhəl qoymadı. Doğrudur, Fransa İrəvanı özünün “bacı” kimi təəssübünü çəkə bilər. Bunu ona kimsə qadaqan etmir. Amma olimpiya hərəkatının prinsiplərinin əks gedərək, onun  ümumbəşəri insan prinsiplərinə zidd addımlar atmağa heç bir mənəvi haqqı yoxdur.

Nə qədər qəribə olsa da, hələ ki dünyanın heç bir ölkəsi, həmçinin beynəlxalq qurumları buna reaksiya verməyiblər. Halbuki Almaniyada futbol üzrə Avropa çempionatında Türkiyə millisi ilə Avstriya yığma komandası arasında keçirilən görüşdə “bozqurd” işarəsi göstərdiyi üçün türkiyəli idmançı Merih Demirala qarşı elə hücumlar təşkil edildi ki…Nəticədə, həmin idmançı cəzalandırıldı. Bu isə Türkiyə millisinin növbəti görüşlərdəki oyununa mənfi təsir göstərdi. Şübhəsiz, bu, hələ də dünyada hökm sürən ikili standarların nəticəsidir.         Azərbaycana qarşı törədilən həmin təxribatla bağlı fikirlərini bölüşən Türkiyə Araşdırmalar Fondunun  eksperti Ayhan Sarı “HaberGlobal”a bildirib ki, ikili standartlar siyasəti Qərb ölkələrində jurnalistlərin mövqeyində yeni bir şey deyil. O qeyd edib ki, Türkiyə də dəfələrlə Qərb ölkələrinin, o cümlədən Fransanın mediasının qərəzli münasibətilə qarşılaşıb. “Türkiyə futbol komandalarının oyunlarının yayımı zamanı Qərb ölkələrinin telekanalları türk azarkeşlərini göstərməməyə çalışır, Avropa komandalarının xaçla olan azarkeşləri isə hər taymda bir neçə dəfə efirə verilir. Eyni ikiüzlülük Azərbaycana münasibətdə də olub”. Ekspert vurğulayıb ki, Fransa televiziyasının efirindəki Azərbaycana qarşı qalmaqal təsadüf və ya aparıcıların özləri tərəfindən ekspromt deyil: “Bu, Fransa dövlət televiziyasının qabaqcadan düşünülmüş və planlaşdırılmış təxribatdır”.

Amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys bildirib ki, Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən “France 2” telekanalına sanksiya tətbiq edilməlidir. O, həmçinin bildirib ki, Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir: “Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir və Parisdəki olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır”. Politoloq vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi Fransanın “France 2” telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət edib. Bəyanatda deyilir: “Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır”.

Bəyanatda, həmçinin bildirilir ki, baş vermiş halla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib: “Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib”.

Qərbi Azərbaycan İcmasının bəyanatında isə deyilir ki, Olimpiadanın açılışı mərasimində milyardlarla insanın heysiyyətinə toxunan rəzalət nümayişlərini də nəzərə alsaq, Fransa tərəfinin rasionallığı tamamilə şübhə altındadır: “Qərbi Azərbaycan İcması 2024-cü il Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı sərt şəkildə qınayır və Fransadan bu əməllərinə son verməyi tələb edir”.

Bakı Təşəbbüs Qrupu da Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat yayıb. Bəyanatda deyilir ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makron və onun Hökuməti hazırda Fransada keçirilən “Paris-2024” Olimpiya Oyunlarını “sülh və ümid anı” kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir.

Ümumiyyətlə, Paris Olimpiadasının açılış mərasimində millətləri və dövlətləri bir-birinə tanıdan,  yaxınlaşdıran nüanslardan əsər-əlamət olmayıb. Bütün bunlarla da Makron Fransası XXXIII Yay Olimpiya Oyunlarını  məkrli siyasətinə alət edib. Bu mənada bu Olimpiadanın açılılş mərasimi vaxtilə dünyaya Volter, Didro, Russo və Monteskyeni bəxş edən Fransanın güzgüsü funksiyasını yerinə yetirib desək, səhv etmərik. Odur ki, həmin mərasim bu gün dünyanın tənqid hədəfinə çevrilib. Məsələn, İtaliya Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini “X” sosial şəbəkəsindəki hesabında Paris Olimpiadasının açılış mərasimi ilə bağlı bunları yazıb: “Dünyadakı milyardlarla xristianı təhqir edərək Olimpiadanı açmaq həqiqətən pis başlanğıc idi, əziz fransızlar”. Baş nazirin müavini bu iradı “Paris-2024”ün açılış mərasimində bir hissə ilə bağlı olub. O, bu hissəni Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” freskasında təsvir olunan süjet ilə oxşarlığını qınayıb.

“İtaliya qardaşları” partiyasının üzvlərindən Alfredo Antoniozzi deyib ki, Makronun Fransası Olimpiadanın açılışında ən pisini göstərə bildi: əvvəlcə “Sonuncu şam yeməyi” dreq-kvin kimi təqdim edilməklə dünyadakı milyardlarla xristianı ələ salındı, sonra isə dövlət başçıları yağışda islandılar”.

Yeri gəlmişkən qeyd edək ki, dünya üzrə dindarlar xristianların dəyərlərinə istehza edən bu şounun iştirakçıları Leonardo da Vinçinin İsa Məsihin şagirdləri ilə son yeməyi səhnəsini əks etdirən məşhur “Sonuncu şam yeməyi” rəsmini parodiya ediblər. Təşkilatçılar İncildən bir süjet kimi İsanın on iki həvarisi ilə birlikdə Qüdsdə “pasxa otağında” təsvirini səhnələşdiriblər. Bu səhnənin kulminasiyası nəhəng bir nimçənin üstündə mavi çalarlarla boyanmış çılpaq bir kişinin tamaşaçılar qarşısına çıxması olub. Bu səhnənin arxasında isə, Olimpiya məşəlini daşıyanlar arasında dreq-kvin (qadın obrazlarında kişi artistlər) adlanan üç nəfərin ortaya çıxması ilə özünü təzahür edən oxşar bir xətt dayanır. 12 milyard dollar sərmayə qoyulmuş və dünyada tüğyan edən “taun” fonunda baş verən bu transgender “ziyafət”inin konteksti də əxlaq normalarına ziddir. Bu həm də o deməkdir ki, hər gün Avropada, Yaxın Şərqdə yüzlərlə, minlərlə insan bombalar və raketlər altında həlak olarkən olimpiya oyunlarının fransız təşkilatçıları Olimpiya Oyunlarının ab-havasını rəhbər tutaraq, sülh çağırışı, günahsız həlak olanların ruhlarına dua etmək əvəzinə, satanizm çalarları ilə səhnələşdirilmiş primitiv şou nümayiş etdirməkdən daha yaxşı bir şey tapmayıblar. Amerikalı milyarder İlon Mask da “Paris-2024”ün rəsmi açılış mərasimi zamanı xristianlara qarşı hörmətsizlik edildiyi qənaətindədir. O bu barədə özünün “X” hesabında yazıb. İlon Mask hesab edib ki, açılış mərasimində iştirakçılar Leonardo da Vinçinin məşhur “Sonuncu şam yeməyi” dini tablosuna parodiya edərək xristianların heysiyyətinə toxunublar.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Paris Olimpiadasının açılış mərasimini acınacaqlı tamaşa adlandırıb. Açılış mərasimində Leonardo da Vinçinin məşhur “Son şam yeməyi” əsərinin parodiyasını iyrənc formada təqdim edilməsinə haqqında danışan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb: “Fransa (Prezident Emmanuel – red.) Makronun rəhbərliyi altında, çılğın, allahsız bir kütlənin gurultusu ilə üzünü buruşduraraq, korrupsioner qız səviyyəsinə enib. Ayıbdır!” O, elə bu kimi səbəblərə görə insanları televizorları söndürməyə və internetdəki utancverici qəribə şounu izləməməyə çağırıb.

Hətta Fransa yepiskopları da Paris Olimpiadasının açılış mərasiminin bəzi epizodlarını tənqid ediblər. Bu barədə “Le Figaro” qəzeti məlumat yayıb. Qeyd olunur ki, açılış mərasimində xristianlığı lağa qoyan səhnələr olub: “Bizimlə həmrəylik ifadə edən digər dinlərin nümayəndələrinə təşəkkür edirik. Biz bəzi səhnələrin təxribat xarakterli olmasından incimiş dünya xristianları ilə birlikdəyik”.

“Paris-2024”ün açılış mərasimində dünya siyasi liderlərinin iştirakı nöqteyi-nəzərindən də son dərəcə qeyri-populyar tədbir olub. Belə ki, bu tədbirə ABŞ, Böyük Britaniya, İtaliya, Çin, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı və digər ölkələrin liderləri təşrif buyurmayıblar. Açılış mərasimində müsəlman dövlətlərindən yalnız Qətər rəhbərliyi iştirak edib. Latın Amerikasından da bir nəfər də olsun lider Parisə gəlməyib.  Şübhəsiz, bu, hər şeydən əvvəl, Makronun dünya miqyasındakı tədbirlərdə bu və ya digər şəkildə sayıqlamalarının nəticəsidir.

Əslində Makron və onun hökuməti “Paris-2024”ün açılışı mərasimini “sülh və ümid anı” kimi təqdim etmək istəsə də, Fransanın ləkəli tarixini və kolonial siyasətini  bir daha nümayiş etdirdi.  Bu dəfə də Sena çayı üzərində keçidlə təşkil olunan açılış mərasimi ölkələrin adlarını qəsdən düzgün ifadə etməməklə, Ermənistanı özünə dost adlandırmaqla, Azərbaycanı sanki bir işğalçı kimi tədim etməklə, ümumiyyətlə dünya xristianlığını təhqir edilən və alçaldılan səhnələri nümayiş etdirməklə yadda qaldı. Bu da dünya xristianları tərəfindən mədəniyyətszlik və dini dəyərlərin ələ salınması kimi qəbul olundu.

Qvami Məhəbbətoğlu, “İki sahil

Daha çox xəbərlər