Cəmiyyət 

Səhiyyə Nazirliyinin “Çağrı Mərkəzi” vasitəsilə 67 mindən artıq müraciət cavablandırılıb

Müharibə veteranlarına göstərilən psixoloji və tibbi reabilitasiya xidmətlərinə vahid platformadan nəzarətin təşkil edilməsi, müharibə veteranları və şəhid ailələri ilə proaktiv işin aparılması, bu işlərin sistemli və davamlı şəkildə təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyasının aparılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Çağrı Mərkəzi” yaradılıb. 

“Çağrı Mərkəzi” 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir.

“Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunan “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırııb.

Fəaliyyət göstərdiyi ötən müddət ərzində “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçısı və şəhid ailəsinin 67 326 müraciəti cavablandırılıb.

Bunlardan 13 928-i birbaşa daxil olan, 53 398-i isə proaktiv zənglər təşkil edib.

Bugünədək Səhiyyə Nazirliyinin ixtisaslaşmış qurumlarına psixoloji yardımla bağlı 2257 müraciət yönləndirilib. Eyni zamanda, psixiatrik müayinə / müalicə ilə bağlı 2291 müraciət daxil olub. Daxil olan müraciətlərdən Səhiyyə Nazirliyinin reabilitasiya mərkəzlərinə ümumilikdə 1 237 müraciət yönləndirilib. Belə ki, nazirliyin nəzdində olan Sanator Kurort Reabilitasiya Mərkəzinə 839, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 374 və 24 şəhid övladı müalicə almaq üçün Respublika Uşaq Sanatoriyasına yönləndirilib.

Qeyd edək ki, 9109 “Çağrı Mərkəzi”nə müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.

Daha çox xəbərlər