“Gözləriniz bizə əmanət” layihəsi çərçivəsində 1 200-dək vətəndaşa 3 500 tibbi xidmət göstərilib
“TƏBİB-in İxtisas gündəliyi” proqramı çərçivəsində 8 avqust Beynəlxalq Oftalmologiya Gününə həsr olunan sağlamlıq günləri keçirilib.
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 7-8-9 avqust tarixlərində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (oftalmoloq, nevroloq, endokrinoloq) tərəfindən tibbi xidmətlər göstərilib.
Müayinələr Cəlilabad-Salyan tibbi ərazi bölməsinə aid olan – Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonları və Lənkəran tibbi ərazi bölməsinə aid olan – Lənkəran, Lerik, Masallı, Astara, Yardımlı rayonlarının vətəndaşları üçün təşkil edilib.
Sağlamlıq günlərində 1 200-dək vətəndaş oftalmoloq, nevroloq, endokrinoloq müayinələrindən keçərək 3500-dən çox tibbi xidmətdən yararlanıb.
Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edib.
“Gözləriniz bizə əmanət” layihəsi çərçivəsində həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər verilir və onlara ətraflı tibbi müayinələr göstərilib.
Layihə çərçivəsində seminar və tibbi maarifləndirmə tədbirləri də keçirilib. 9 avqust tarixində Cəlilabad Müalicə Diaqnostika Mərkəzində Cəlilabad-Salyan və Lənkəran tibbi ərazi bölmələrinə daxil olan tibb müəssisələrinin həkimləri üçün oftalmoloji xəstəliklər barədə seminar keçirilib.
Açılış nitqi ilə çıxış edən TƏBİB-in Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri Ziya Məmmədzadə layihənin keçirilməsindən məmnunluğunu ifadə edib və seminarın işinə uğurlar arzulayıb. O, “TƏBİB-in ixtisas gündəliyi” proqramı barədə ətraflı məlumat verib.
Seminarda 50-dən çox həkim iştirak edib. Seminar paytaxtda yerləşən tibb müəssisələrində fəaliyyət göstərən həkim-mütəxəssislərin çıxışları ilə davam edib.