Cəmiyyət 

Göy öskürək nədir?

Bu hava-damcı yolu ilə yoluxan, kəskin infeksion xəstəlikdir. “Bordetella pertussis” adlanan mikrob tərəfindən törədilir. Yüksək yoluxuculuq qabiliyyətinə malikdir. Xəstə insan öskürdüyü, asqırdığı zaman ağız suyu vasitəsilə ətrafa mikroblar yayılır. Bu da sağlam insanları yoluxdura bilir. Xəstəliyin ilk 1 – 2 həftə ərzində yoluxuculuq qabiliyyəti yüksəkdir. Əsasən kiçik yaşlı uşaqlar arasında daha çox yayılır. Uşağın yaşı nə qədər azdırsa, xəstəlik bir o qədər ağır müşahidə edilir. Böyük uşaqlarda zəif gedişatlıdır. 1 yaşına qədər uşaqlar risk qrupuna daha çox aiddir.
Göy öskürəyin öz əlamətləri var ki, bu da onu digər öskürəklərdən fərqləndirməyə kömək edir.
Əlamətləri bunlardır: quru, boğucu, spazmatik, fitverici səslə müşahidə olunan öskürək, rəngin qızarması, göyərməsi və qusma ilə sonlanır. İlk əvvəl burun axması və yaxud tıxanıqlığı, asqırmaq, boğaz ağrısı kimi əlamətlərlə başlaya bilir. Göy öskürək bədən temperaturunun yüksəlməsinə də səbəb ola bilir. Öskürək səbəbindən üz şişir. Gözlərdə konyuktivit, dildə yaralar müşahidə oluna bilir. Öskürək tutmaları gecələr daha da artır. Xəstəlikdən sonra ömürlük qala bilən immunitet yaranır.
Göy öskürəyin tam sağalma müddəti 3 – 5 həftədir. 8 – 12 həftəyə qədər də uzana bilir. Xəstəlik yeni başlayan dönəmdə antibiotiklərlə müalicə edilə bilir. Ağırlaşma dövründə isə antibiotiklər təsir etməyə bilər. Xəstə həkim nəzarətində müalicə almalıdır. Xəstəliyin inkubasiya dövrü, yəni ilk 2 həftə ərzində xəstə mütləq təcrid olunmalıdır. Sağlam uşaqların arasına buraxılmamalıdır. Xəstəyə bol oksigen lazımdır. Olduğu mühit yaxşı havalandırılmalıdır. Optimal otaq temperaturu 19 – 22 dərəcə arası olmalıdır. 10 dərəcədən aşağı olmayan temperaturda açıq havada gəzmək tövsiyə edilir. Xəstənin olduğu mühit antiseptik məhlullarla dezinfeksiya olunmalıdır ki, sağlam insanlar yoluxmasın. Belə yoluxmuş ərazilərin dezinfeskiyası çox vacib məsələdir.

Daha çox xəbərlər