Region Xəbərləri 

Azərbaycan güclü idman dövlətidir

Dövlətimiz qədim idman ənənələrinə malik və zamanla idmanın inkişafı naminə bütün qüvvəsini səfərbər etmiş ölkələrdəndir. Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmişdir. Amma idman sahəsinin çiçəklənməsi dövrü təxminən keçən əsirin ikinci yarısından başlanmışdır. Xeyli sayda idman komplekslərinin, meydançaların, zalların, idman-sağlamlıq mərkəzlərinin və s. tikilməsi, təmirə ehtiyacı olanların yüksək keyfiyyətlə təmir olunması, idmançılara xüsusi qayğı və diqqət məhz bu dövürlərin idman uğurlarının göstəricisi idi.
Azərbaycanın dövlət müstəqilliyi qazandığı ilk illərdə, iqtisadi böhranın təsiri bütün sahələrlə yanaşı idmana da təsir etmiş və idman siyasəti diqqətdən kənarda qalmışdı: “Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət və qayğı tam dəyişdi. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi və bununla da idman sahəsində yüksəlişin bünövrəsi qoyuldu.
Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin nəticəsi olaraq, XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımızın qətiyyətli və əzmkar mübarizəsi nəticəsində komandamız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq 207 ölkə arasında 30-cu yerdə qərarlaşıb. Bu bir daha göstərir ki, dövlətimiz idmana və idmançılara xüsusi qayğı və inamla yanaşır.
Olimpiya oyunlarının ilk günlərində xalqımıza sevinc bəxş edən qızıl medalçılarımız, Fransanın paytaxtında Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək, dövlət bayrağını yüksəltmişlər. Belə qürürlu anlara bütün dünya şahidlik etdi. Cüdoçularımız Hidayət Heydərov (73kq) və Zelim Kotsoyev(100kq) bunu bacardı. Azərbaycanda təkcə cüdo deyil, həmçinin digər idman növlərinə də maraq həddindən artıq çoxdur. Respublikamızın bütün ərazisində idmanla məşğul olmaq üçün yetərincə şərait yaradılmışdır. Günü- gündən yeni və təkmilləşdirilmiş idman mərkəzləri, komplekslər fəaliyyətə başlayır. Son olimpiya oyunlarından sonra idmana həvəsin daha da artacağına əminik. Dövlət başçısı tərəfindən idmançıların və məşqçilərin mükafatlandırması və həmçinin onlara yüksək fəxri adların verilməsi idman aləmini və gənc nəsli daha da ruhlandırır. İdmançılarımız bu diqqət və qayğı nəticəsində növbəti böyük yarışlara qətiyyətlə və ruh yüksəkliyi ilə hazıraşacaqlar.
Dövlətimiz gənc nəslin Vətənə bağlı, vətənpərvər, fiziki, mənəvi cəhətdən sağlam yetişməsi üçün daima yüksək səy göstərir. Bu da öz növbəsində idmançılarımızın təkcə idmanda yüksək performans göstərməsi ilə yekunlaşmır, həmçinin nümunəvi davranış və təqdirə layiq insani keyfiyyətlər də aşılayır.
Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək göstərir. Turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir. Bildiyimiz kimi, idmanın inkişafı bilavəsitə dövlət başçısının nəzarətindədir və bütün regionlarda bu inkişaf sürətlə və yüksək səviyyədə gedir. Elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhununun yüksəlməsinə xidmət edir. Cənab Prezidentimiz İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, “İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”.
Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Demokratik Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər Cənab Prezidentimiz İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir. Biz də öz növbəmizdə səlahiyyətlərimiz daxilində, dövlətimizin inkişafı, eləcə də Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirmək naminə əlimizdən gələni edəcəyik”.
Rəşad Ocaqverdiyev – Bərdə şəhər Akademik Zərifə Əliyeva adına məktəb-liseyin fiziki tərbiyə müəllimi

Daha çox xəbərlər