Cəmiyyət 

Narkomaniyaya qarşı mübarizədə medianın rolu

Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu bəşəri bəla son onilliklərdə daha çox qlobal miqyas aldığından onunla mübarizə zərurəti hər keçən gün daha da aktuallaşır. Məhz bu səbəbdən Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Narkomaniyaya qarşı mübarizə məqsədilə imzalanan fərmanlar, həyata keçirilən proqramlar, tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı işlər davam etdirilir.

Narkomaniya ilə mübarizədə ən effektiv yollardan biri, bəlkə də birincisi şübhəsiz ki, maarifləndirmədir. Nəzərə alsaq ki, qloballaşan dünyada media şəxsiyyətin formalaşmasında müstəsna rola malikdir, deməli insanın şəxsiyyətindəki müəyyən boşluqlarla birbaşa bağlı olan narkotik maddə asılılığına qarşı mübarizədə mediadan istifadə şəxslərə maariflənməni əlçatan etmək üçün ən optimal metod olaraq qalır. Məhz media ictimaiyyəti narkotik vasitələrin yaratdığı faciələr barədə məlumatlandırır və onun qarşısının alınmasında maarifləndirici rol oynayır. Narkomanlığa qarşı mübarizə çərçivəsində təbliğat işinin aparılmasında medianın  imkanlarından geniş istifadə edilməsi, problemin mahiyyətini ifadə edən araşdırma yazıların və məqalələrin dərcinin davamlılığının təmin edilməsi atılan mühüm addımlardandır.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”ndə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində narkomanlığa qarşı mübarizə mövzusunun mütəmadi işıqlandırılması,  media subyektləri tərəfindən narkomanlıq və onun fəsadları barədə daha dolğun  məlumatların, müəllif yazılarının hazırlanması istiqamətində də işlər görülməkdədir. Medianın İnkişafı Agentliyi tərəfindən il ərzində maliyyə yardımı göstərilən 17 çap və 39 onlayn media subyektində narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər barədə vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili də daxil olmaqla, narkotik vasitələrin, psixotrop maddələrin və  onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, qanunsuz alverə sövqetmə     hallarının ifşası, narkotik asılılığın səbəb ola biləcəyi həyati risklər, narkomaniyanın yaratdığı  ictimai və sosial problemlər barədə maarifləndirmə istiqamətində çox sayda məlumatlar yayımlanmışdır. Bu ilin 3 may tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən Forum çərçivəsində  Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzun moderatorluğu,   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyevin, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Saheh Hacıyevin, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevin, Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Rövşən Kərimlinin və media nümayəndələrinin iştirakı ilə keçirilən “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” adlı panel sessiyada narkomaniya ilə mübarizədə medianın rolunun vacibliyi bir daha vurğulanıb. Qeyd edilib ki, narkomaniya ilə bağlı maarifləndirmə tədbirləri sadəcə əhalinin sağlam olan qisminə şamil olunmur. Bu tədbirlər narkomaniya bəlasından əziyyət çəkən şəxslər üçün ümid işığı rolu oynayır. Onlar sağalmaq üçün gec olmadığını dərk etməlidirlər.

Eyni zamanda, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daim fəaliyyət göstərən İşçi Qrupunun Tədbirlər planına uyğun olaraq mövzu ilə bağlı informasiya agentlikləri, onlayn və çap mediası subyektləri çoxsaylı materiallar dərc etmiş, ayrı-ayrı dövlət qurumlarının həyata keçirdiyi layihələr geniş işıqlandırılmışdır. 2024-cü ilin yanvar-iyul ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə 1500-dən çox maarifləndirici materialın dərc olunması, narkomanlığa qarşı mübarizə mövzusunun ümumölkə televiziya kanallarında işıqlandırılmasının monitorinqini həyata keçirmiş, İşçi Qrupu tərəfindən təqdim olunan sosial çarxların televiziya kanalları vasitəsilə cari ilin 6 ayı ərzində ümumilikdə 17 min dəfədən çox yayımlanması, televiziya kanallarında ekspertlərin iştirakı ilə 108 xüsusi verilişin təşkil edilməsi, narkomanlığın zərəri ilə bağlı müəllif sujetlərinin hazırlanması təmin edilmişdir. Narkotik vasitələrlə mübarizəyə dair hazırlanan materiallar ötən il mediada 29 min dəfə yayımlanıb, 191 maarifləndirici proqram nümayiş olunub və həmin proqramlara ekspertlər cəlb edilib. Bundan əlavə, cari il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-hökumət təşkilatlarına ayrılan qrant layihələr hesabına effektiv və təsirli yeni sosial çarxların hazırlanması, onların mediada geniş işıqlandırılması qərara alınıb.

Şahid olduğumuz kimi, dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması davamlı olmalıdır. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev bu növ cinayəti cəmiyyətin “sosial bəlası” adlandırmışdı. Məhz buna görə dövlət qurumları ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlər, qeyri-hökumət təşkilatları tərəfindən təsdiq edilən tədbirlər  daha çox risk qrupuna aid olan ailələrlə keçirilməlidir, eyni zamanda, yeniyetmə və gənclər auditoriyasına yönəlmiş maarifləndirmə tədbirləri  fasiləsiz olaraq aparılmalıdır. Bu işdə isə mediadan düzgün istifadə əsas şərtdir və gürülən bütün tədbirlərin effektivliyini artıran mühüm amildir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Daha çox xəbərlər