Qadınların maddi gücünün artması boşanmaya səbəb olur – AÇIQLAMA
Hər bir xalqın dəyərlər sistemində ailə münasibətləri mühüm yer tutur. Azərbaycan xalqı üçün də ailə dəyərləri müqəddəsdir. Hətta bir çox hallarda ailəyə kiçik dövlət kimi baxırlar. Milli dəyərlər sistemi möhkəm olan ailələr bu xüsusiyyətləri də qoruyub saxlaya bilir. Aşınmalara yol verildikdə isə ailə münasibətlərində də gərginlik yaranır. Məhz bunun səbəbidir ki, müasir dövrümüzdə boşanmaların sayı günbəgün artmaqdadır.
Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Emil Aslanov bildirib ki, bu gün boşanmalara səbəb cütlüklərin keçimsizliyidir:
“Bundan qadınların sosial həyatda aktivliyinin artması da boşanmalara səbəb olur. Çünki qadın öz pulunu qazandıqdan sonra həyat yoldaşından maddi aslılığı bitir və ailədəki problemlərə qatlanmaq istəmir. Bundan başqa sosial şəbəkələr və televiziyalarda ailə dəyərlərini, müqəddəsliyini heçə sayan verilişlərin yayımlanması və ora dəvət edilən qadınların etik normalara uyğun olmayan çıxışlar etməsi gənclərin ailə bütövlüyü haqqında fikirlərinə mənfi təsir göstərir. Nəticə isə göz qabağındadır.
Sosioloq Üzeyir Şəfiyev də qadınların maddi gücünün artmasının boşanmalara səbəb olduğunu vurğulayıb:
“Ölkəmiz müstəqillik əldə etdikdən sonra qadınlar iqdisadi sahədə güclərini sınayıb, maddi baxımdan uğurlar əldə etməyə başladılar. Bu isə cəmiyyətdə kişilərdən çox qadınların dominantlığının artmasına səbəb olub.
Sovet höküməti dağıldıqdan sonra təkcə sərhədlər dağılmadı. Həmçinin mənəvi sərhədlərdə yox oldu. Əvvəllər boşanmaq “el qınağı” sayılırdı. Bu gün isə təəssüf ki, kişi və qadınların həyat prioritetinə çevrilib. Artıq Azərbaycanda kişi və qadınların çoxu tək yaşamağa üstünlük verir. Adi mübahisələr belə ailənin dağılmasına səbəbi ola bilir.
Boşanmaların qarşısını almağın yolları isə əhalinin maarifləndirilməsi, səlahiyyətli qurumlarda ayrıca ailənin psixoloji konsultasiyası şöbələrinin açılması və maddi yardımların edilməsidir. Düşünürəm ki, yalnız bu halda getdikcə çoxalan boşanmaların qarşısını almaq mümükün olacaqdır.”