Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edərək, digər məsələlərlə yanaşı, Bakı ilə İrəvan arasında danışıqlar prosesindən də danışıb.
ARANTV.AZ xəbər verir ki, dövlət başçısının bəyanatları xarici KİV-də geniş işıqlandırılıb.
Rusiyanın “Moskovskiy komsomolets” qəzetindəki məqalədə prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bəndlərinin demək olar ki, 80 faizinin artıq təsdiqləndiyi barədə bəyanatlarına istinad edilir.
“İlham Əliyev əmin edib ki, tərəflər Cənubi Qafqazda sülhə nail ola biləcəklər, bunu Bakı və İrəvan arasında danışıqlar prosesində baş verən son hadisələr sübut edir”, – məqalədə deyilir.
Rusiya mediası Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin başlandığı və sərhədin 13 kilometrlik hissəsinin demarkasiya edildiyi barədə fikirlərini xüsusi vurğulayıb.
Rusiyanın TASS agentliyi də Azərbaycan liderinin Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı mühüm bəyanatlarını əks etdirən “İ. Əliyev İrəvanla sülh müqaviləsinin mətninin demək olar ki, 80%-nin təsdiqini elan edib” məqaləsini dərc edib.
Eyni zamanda, xəbərlərdə dövlət başçısının Azərbaycanın Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmayacağı və iki ölkə ilə praqmatik münasibətlər fonunda, lazım gələrsə, Rusiya-Ukrayna münasibətlərinin normallaşmasında vasitəçi rolu oynamağa hazır olduğu barədə fikirləri də yer alıb. Media yazır ki, Azərbaycan Lideri Rusiya-Ukrayna müharibəsinin sona çatması istiqamətində ciddi irəliləyiş üçün zəmin olduğunu vurğulayıb.
“İnterfaks”, “Vestnik Kavkaza”, “Regnum” informasiya agentlikləri, “İzvestiya”, “Lenta.ru”, “Komsomolskaya pravda”, “News.ru” nəşrləri və televiziya kanalları da İlham Əliyevin Ermənistanla sülh sazişi və sərhədlərin delimitasiyası üzrə danışıqlara dair bəyanatlarını geniş işıqlandırıb.
Rusiya mətbuatı ilə yanaşı, Türkiyə, Ukrayna, Gürcüstan, Belarus və Ərəb KİV-lərinin manşetlərində Azərbaycan Prezidentinin bəyanatları yer alıb.
Türkiyənin “Anadolu” agentliyi “Əliyev Ermənistanla imzalanmış sülh sazişinin mətninin 80 faizinin razılaşdırıldığını açıqlayıb” adlı məqaləsində Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalı altında olduğunu, İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edildiyini qeyd edib.
“Biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür. Bunu Azərbaycan və Ermənistan arasında danışıqlar yolunda baş verən son hadisələr sübut edir”, – deyə agentlik Prezident İlham Əliyevdən sitat gətirir.
Türkiyənin “Cumhuriyet”, “Star”, “Yenisafak”, “Turkiyetoday”, “TRT Haber”, “Haberler” və s. nəşrləri də Azərbaycan prezidentinin Çernobbiodakı bəyanatlarına geniş yer verib, Ermənistanla nizamlanma mövzusuna xüsusi diqqət yetirib.